Tarixi məkanlara yazı yazmaq şəhidlərin xatirəsinə hörmət deyil – Veteran

Baş səhifə

Bakı. Trend:

İctimai və şəxsi əmlaka, şəhər infrastrukturuna, tarixi
abidələrə və mədəniyyət nümunələrinə məsuliyyətlə yanaşmaq hər bir
vətəndaşın borcudur. Şəhidlərin xatirəsini əbədiləşdirmək adı ilə
tarixi məkanlara, qayalara, binalara və digər obyektlərə yazıların
yazılması isə onların ruhuna ehtiram deyil, əksinə, tarixi-mədəni
irsimizə zərər vurmaqdır.

Bunu Trend-ə
açıqlamasında İkinci Qarabağ müharibəsinin veteranı Allahverdi
Allahverdiyev deyib.

O bildirib ki, heç bir şəxsin statusundan, mövqeyindən və ya
tanınmışlığından asılı olmayaraq, ictimai əmlaka və tarixi-mədəni
irs nümunələrinə zərər vurması qəbulolunan deyil:

“Şəhidlərimizin xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz
torpaqlarımızın hansı itkilər, hansı qurbanlar hesabına azad
edildiyini çox yaxşı bilirik. Məhz buna görə şəhidlərin adından
istifadə edərək tarixi yerlərin, qayaların, abidələrin və binaların
üzərinə yazılar yazılmasını onların xatirəsinə ehtiram kimi
qiymətləndirmək olmaz. Əksinə, bu cür hərəkətlər həm şəhidlərimizin
ruhuna, həm də uğrunda canlarını fəda etdikləri torpaqların
tarixinə və mədəni irsinə hörmətsizlikdir”.

Veteranın sözlərinə görə, Azərbaycanda şəhidlərin xatirəsinin
əbədiləşdirilməsi üçün kifayət qədər abidələr, parklar və
xiyabanlar yaradılıb.

“Şəhidlərimizin adını yaşatmaq istəyiriksə, bunun üçün onların
xatirəsinə ucaldılmış abidələrimiz, salınmış park və xiyabanlarımız
var. Şəhidlərimizin xatirəsini onların adına layiq şəkildə
yaşatmalıyıq. Tarixi qayaya, binaya və ya başqa bir mədəniyyət
nümunəsinə ad yazmaq şəhidə olan sevgini göstərmir. Əksinə, onun
uğrunda döyüşdüyü və canından keçdiyi Vətənin tarixi irsinə zərər
vurur”, – deyə Allahverdi Allahverdiyev vurğulayıb.

O qeyd edib ki, xüsusilə tarixi və memarlıq əhəmiyyəti daşıyan
məkanlara münasibətdə daha böyük həssaslıq nümayiş etdirilməlidir.
Belə obyektlərin üzərinə yazı yazılması, nəzarətsiz qraffiti
çəkilməsi və ya onların ilkin görünüşünə hər hansı müdaxilə
tarixi-mədəni irsə birbaşa xələl gətirir.




“Belə hallara yalnız hansısa daşın, divarın və ya binanın
zədələnməsi kimi baxmaq doğru deyil. Bu, bütövlükdə şəhər
mədəniyyətinə, ictimai dəyərlərimizə və tariximizə münasibətin
göstəricisidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə hər
daşın, hər tarixi tikilinin, hər məkanın öz yaddaşı var. Biz onları
gələcək nəsillərə mümkün qədər qorunmuş şəkildə çatdırmalıyıq”, –
veteran əlavə edib.

Allahverdi Allahverdiyev bildirib ki, tarixi və digər ictimai
obyektlərə vurulan zərərin sonradan aradan qaldırılması da əlavə
vaxt, maliyyə və resurs tələb edir. Tarixi-mədəni əhəmiyyətli
obyektlərdə isə yazıların və digər müdaxilələrin qeyri-peşəkar
üsullarla təmizlənməsi həmin abidəyə daha ciddi zərər verə
bilər.

Veteran ictimai məkanlarda qraffitinin Qərb ölkələrinin bəzi
şəhərlərində geniş yayılması ilə bağlı müqayisələrin də əsaslı
olmadığını deyib:

“Bəzən deyirlər ki, dünyanın müxtəlif şəhərlərində də divarlara
yazılar yazılır, qraffitilər çəkilir. Ancaq nəzarətsiz qraffitinin
bir çox şəhərlərdə yaratdığı vizual və estetik çirklənməni də
görürük. Hər hansı mənfi təcrübənin başqa ölkələrdə mövcud olması
bizim üçün nümunə sayıla bilməz. Biz öz şəhərlərimizi, tarixi
abidələrimizi və mədəni irsimizi qorumalıyıq”.

Allahverdi Allahverdiyev sonda şəhid ailələrinin də bu məsələdə
mövqeyinin və həssaslığının nəzərə alınmasının vacibliyini
vurğulayıb. Onun sözlərinə görə, şəhidlərin adından istifadə
edilərək tarixi məkanlara zərər vurulması onların ailələrinin
hisslərinə də toxuna bilər.

“Şəhidlərimizin xatirəsinə ən böyük hörmət onların bizə əmanət
qoyduğu Vətəni, onun tarixini və mədəni irsini qorumaqdır. Şəhid
adı hansısa tarixi abidənin, qayanın və ya binanın üzərinə
yazılmaqla deyil, insanların yaddaşında, dövlətimizin yaratdığı
memorial komplekslərdə, abidələrdə, park və xiyabanlarda layiqincə
yaşadılmalıdır”, – deyə veteran yekunlaşdırıb.

Qeyd edək ki, ötən gün sosial şəbəkə platformalarında Şuşa
şəhərinə gələn turistlərin qayaların üzərinə müxtəlif yazılar
yazaraq həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan
vurması ilə bağlı görüntülər paylaşılıb.