Bakı. Trend:
İndoneziya Fransa ilə imzalanmış milyardlarla dollarlıq müdafiə
sazişi çərçivəsində ilk Rafale döyüş təyyarələrini təhvil alıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Müdafiə
Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fransa istehsalı olan üç Rafale qırıcısı artıq
ölkəyə çatdırılıb və istifadəyə hazırdır.
Nazirliyin sözçüsü Riko Rikardo Sirait bildirib ki, təyyarələr
cümə günü İndoneziyaya gətirilib və Sumatra adasının qərbində
yerləşən Pekanbaru şəhərindəki Roesmin Nurjadin aviabazasında
yerləşdirilib. Onun sözlərinə görə, ilin sonunadək daha üç Rafale
təyyarəsinin də ölkəyə gətirilməsi gözlənilir.
İndoneziya 2022-ci ildə Fransa ilə təxminən 8 milyard dollar
dəyərində müqavilə imzalayaraq ümumilikdə 42 Rafale döyüş təyyarəsi
sifariş edib. Müqavilə ötən il genişləndirilib və Fransadan hərbi
gəmilər və sualtı qayıqların alınmasını da əhatə edir.
Qeyd edək ki, prezident Prabovo Subiantonun rəhbərliyi altında
ölkə müdafiə xərclərini artıraraq köhnəlmiş hərbi texnikanı
yeniləməyə çalışır. İndoneziya Rafale ilə yanaşı Çin istehsalı
J-10, ABŞ-ın F-15EX qırıcıları, eləcə də Türkiyənin beşinci nəsil
KAAN döyüş təyyarələrinin alınmasını da nəzərdən keçirir. Bundan
əlavə, ölkə Pakistanla döyüş təyyarələri və hücum dronlarının
alınması üzrə mümkün əməkdaşlığı müzakirə edib.

