Serbiyada 470 kiloqramlıq bomba zərərsizləşdirilib

Baş səhifə

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradın mərkəzində yerləşən tikinti
sahəsində İkinci Dünya müharibəsindən qalma 470 kiloqramlıq bomba
zərərsizləşdirilib.

Trend xəbər verir
ki, söhbət ABŞ istehsalı olan AN-M44 bombasından gedir. Məlumata
görə, sursat 1944-cü ildə Belqradın nasist işğalından azad edilməsi
zamanı müttəfiqlərin Almaniya ordusunun mövqelərinə endirdiyi hava
zərbələri zamanı istifadə olunub.




Polisin açıqlamasında bildirilib ki, yaşayış binaları və ticarət
mərkəzinin yaxınlığında yerləşən tikinti ərazisi əməliyyatın
təhlükəsizliyini təmin etmək məqsədilə hərtərəfli yoxlanılıb.
Sakinlərdən mümkün olduqda avtomobillərini ərazidən götürmələri və
evlərini müvəqqəti tərk etmələri xahiş olunub.

Bomba Belqraddan 180 kilometr məsafədə yerləşən hərbi sınaq
poliqonuna daşınıb və yaxın günlərdə orada məhv ediləcək.