Milli maraqlardan qlobal nüfuza: Prezident İlham Əliyevin liderlik yolu

Baş səhifə

Bakı. Trend:

Dövrünün parlaq siyasi lideri, təcrübəli dövlət xadimi,
Azərbaycan xalqının qürur tarixinin yaradıcısı Prezident İlham
Əliyevin xalq və dövlət qarşısında tarixi xidmətləri
əvəzsizdir.

Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin
formalaşmasında və möhkəmlənməsində əsas rol oynayan siyasi
liderdir.

Milli maraqlara söykənən müstəqil xarici siyasət Azərbaycanın
beynəlxalq aləmdə etibarlı və prinsipial mövqeyini təmin edir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan həm daxili
inkişaf, həm də beynəlxalq arenada mövqelərinin güclənməsi
baxımından yeni mərhələyə qədəm qoyub. Azərbaycan tarixində
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adı
torpaqlarımızın azadlığı və milli qürurun bərpası ilə bağlı xüsusi
yer tutur. Onun rəhbərliyi ilə Azərbaycan xalqı uzun illər davam
edən işğala son qoyaraq öz ərazi bütövlüyünü təmin etmişdir. Bu
tarixi nailiyyət xalqın iradəsi, ordunun gücü və Prezident İlham
Əliyevin qətiyyətli siyasi liderliyi sayəsində mümkün oldu.
Prezident İlham Əliyev illər boyu səbirli, prinsipial və milli
maraqlara əsaslanan siyasət yürütmüş, eyni zamanda güclü ordu
quruculuğunu dövlət siyasətinin əsas prioritetinə çevirmişdir.

Prezident İlham Əliyevin prezidentliyi dövründə müasir ordu
quruculuğu Azərbaycan dövlət siyasətinin əsas prioritet
istiqamətlərindən biri kimi formalaşıb. Bu siyasət bir neçə əsas
sahəni əhatə edir və ordunun həm texniki, həm də institusional
baxımdan gücləndirilməsinə yönəlib. Ordu quruculuğunda ən vacib
istiqamətlərdən biri Silahlı Qüvvələrin müasir silah və hərbi
texnika ilə təchiz olunması olub. Ordunun arsenalına yeni nəsil
silah sistemləri, pilotsuz uçuş aparatları, artilleriya və hava
hücumundan müdafiə vasitələri daxil edilib. Bu, ordunun döyüş
qabiliyyətini və texnoloji üstünlüyünü artırmaq məqsədi daşıyıb.
Müasir ordu quruculuğunda insan faktoru xüsusi önəm daşıyır. Bu
baxımdan zabit və gizirlərin hazırlığı, hərbi təhsilin
təkmilləşdirilməsi, hərbi akademiyalarda islahatlar aparılması
diqqət mərkəzində olub. Gənc hərbçilərin bilik və bacarıqlarının
artırılması üçün təlimlər və beynəlxalq təcrübədən yararlanma əsas
istiqamətlərdən sayılıb. Ordunun idarə olunmasında çeviklik və
operativlik müasir hərbi sistemin əsas tələblərindəndir. Bu
məqsədlə komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi,
qərarvermə prosesinin sürətləndirilməsi və qoşun növləri arasında
koordinasiyanın artırılması istiqamətində addımlar atılıb.

Yerli müdafiə sənayesinin qurulması və genişləndirilməsi də
müasir ordu siyasətinin vacib hissəsidir. Azərbaycanda hərbi
təyinatlı məhsulların istehsalı ordunun daxili təminat imkanlarını
artırmaqla yanaşı, texnoloji müstəqilliyin gücləndirilməsinə xidmət
edib. Azərbaycan müxtəlif ölkələrlə hərbi əməkdaşlıq əlaqələri
quraraq birgə təlimlərdə iştirak edib. Bu əməkdaşlıq ordunun müasir
döyüş təcrübəsi qazanmasına və beynəlxalq standartlara
uyğunlaşmasına şərait yaradıb. Ümumilikdə, Prezident İlham Əliyevin
dövründə müasir ordu quruculuğu uzunmüddətli və sistemli siyasət
kimi həyata keçirilib və məqsəd ölkənin təhlükəsizliyini təmin edə
bilən, çevik, peşəkar və müasir texnologiyalara əsaslanan Silahlı
Qüvvələrin formalaşdırılması olub.

Məhz bu strateji yanaşma nəticəsində Azərbaycan Ordusu yüksək
peşəkarlıq, müasir texnika və döyüş ruhu nümayiş etdirərək
torpaqlarımızı azad edib.

Torpaqların azad edilməsi yalnız hərbi qələbə deyil, eyni
zamanda tarixi ədalətin bərpası, xalqın milli ləyaqətinin və dövlət
suverenliyinin tam təmin olunması deməkdir. Bu qələbə Azərbaycan
xalqının birliyini və Prezident İlham Əliyevin “Qalib Xalqın Qalib
Lideri” kimi tarixə düşməsini təsdiqləyib. Bu gün işğaldan azad
edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri
qələbənin davamı olaraq gələcəyə inamla baxmağın
göstəricisidir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış hədəfi tarixi
ədalətin bərpası ilə yanaşı, milli birliyin və dövlət
suverenliyinin möhkəmləndirilməsini ifadə edir. Qarabağ və Şərqi
Zəngəzurda aparılan bərpa-quruculuq işləri, infrastruktur
layihələri və təhlükəsiz yaşayış mühitinin yaradılması bu prosesin
ardıcıl və planlı şəkildə həyata keçirildiyini göstərir.

2025-ci il 8 avqust tarixində keçirilən Vaşinqton görüşü
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru oldu. Azərbaycan
və Ermənistan arasında sülh prosesinin irəliyə aparılmasında
göstərdiyi qətiyyət öz məntiqi nəticəsini tapdı. Amerika Birləşmiş
Ştatları Prezidentinin Azərbaycan liderinin şəxsiyyətinə
sərgilədiyi hörmət və minnətdarlıq Cənubi Qafqazda cərəyan edən
proseslərə yeni yanaşma idi. Və bu yeni yanaşmanın fəlsəfəsinin
əsasında Prezident İlham Əliyevin prinsipiallığı, diplomatik
bacarıqları və praqmatizmi dayanır.

Qalib Xalqın Qalib Lideri olaraq Prezident İlham Əliyevin
hədəfləri Azərbaycanın güclü, müasir və firavan dövlət kimi
inkişafını təmin etməyə yönəlib. Hər zaman Azərbaycan xalqının
dəstəyinə arxalanan Liderimizə bu şərəfli fəaliyyətinin həyata
keçirilməsində tükənməz enerji və uğurlar arzu edirik!

Sevil Mikayılova

Ümumdünya Parlamentlərarası İttifaqının (IPU)
İcraiyyə Komitəsinin vitse-prezidenti, Milli Məclisin
deputatı