
Bakı .Trend:
Qətər ilə Azərbaycan arasında münasibətlər siyasi, iqtisadi və
mədəni sahələrdə əhəmiyyətli dərəcədə möhkəmlənib.
Trend xəbər verir
ki, bu barədə bu barədə Qətərin Azərbaycandakı səfiri Məhəmməd
Həməd Səəd əl-Hacirinin Bakıda Qətərin Milli Günü münasibətilə
keçirilən rəsmi qəbul zamanı ünvanladığı müraciətdə bildirilib.
Səfirin təbrik nitqini Qətərin Azərbaycandakı müvəqqəti işlər
vəkili Hamed əl-Humeydi səsləndirib.
O qeyd edib ki, Qətər 2030-cu ilədək Qətərin Milli İnkişaf
Strategiyası çərçivəsində səylərini ardıcıl şəkildə davam etdirir.
Bu strategiya rifahın, tərəqqinin və dayanıqlı inkişafın təmin
edilməsinə, həmçinin Qətərin bütün dost ölkələrlə münasibətlərinin
möhkəmləndirilməsinə yönəlmiş kompleks proqramdır.
“Qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan
Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında biz bu
strategiyanın xalqlarımızın və ölkələrimizin rifahı naminə həyata
keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk”, – deyə
səfir bildirib.
Məhəmməd Həməd Səəd əl-Haciri vurğulayıb ki, Qətər ilə
Azərbaycan arasında münasibətlər bütün siyasi, iqtisadi və mədəni
sahələrdə əhəmiyyətli dərəcədə möhkəmlənib. Onun sözlərinə görə, bu
əlaqələr hər iki ölkənin rəsmi şəxsləri və biznes dairələrinin
nümayəndələrinin qarşılıqlı səfərləri sayəsində daha da
güclənib.

