Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

12 dekabr tarixində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər
Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan
Respublikasının Latviyadakı Səfirliyində anım tədbiri
keçirilib.

Azərbaycanın Latviyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, öncə, Ulu Öndər
Heydər Əliyevin büstünün önünə əklil qoyulub və onun əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək,
müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət
xadimi Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolundan və
Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edib. Səfir
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqını müstəqilliyə
qovuşdurmuş, sabitlik və inkişafa aparmış tarixi şəxsiyyət olduğunu
və onun siyasətinin layiqli davamçısı olan Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi
bütövlüyü və suverenliyinin bərpa olunduğunu və qüdrətli dövlətə
çevrildiyini diqqətə çatdırıb.

Səfir Ümummilli Liderin ölkəmizin çoxşahəli və tarazlı xarici
siyasətinin əsasını qoyduğunu, o cümlədən Azərbaycan-Latviya
əlaqələrinin banisi olduğunu və ötən dövr ərzində ikitərəfli
əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd
edib.

E.Sultanov 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya
və Suverenlik İli” elan olunduğunu diqqətə çatdıraraq, Ulu Öndərin
1995-cil ildə qəbul olunmuş Konstitusiyanın hazırlanmasında
misilsiz əməyini vurğulayıb və bunun ölkəmizdə genişmiqyaslı
qanunvericilik və institusional islahatların əsasını təşkil
etdiyini söyləyib. O, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin
Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.

Sonra Latviyada fəaliyyət göstərən “Azəri” cəmiyyətinin sədri
Ulduzxan Əhmədov çıxış edib. O, Ulu Öndərin müəllifi olduğu
azərbaycançılıq məfkurəsinin xarici ölkələrdə yaşayan
azərbaycanlıların təşkilatlanmasını və tarixi Vətənlə əlaqələrinin
güclənməsini özündə ehtiva etdiyini qeyd edərək, Heydər Əliyevin
diaspor quruculuğundakı müstəsna rolundan bəhs edib.

Daha sonra Latviyada fəaliyyət göstərən “Azəri Vəhdət”
cəmiyyətinin sədri Əlirza Hüseynov çıxış edib. O, Ulu Öndər Heydər
Əliyevin xalqımızı mürəkkəb sınaqlardan uğurla çıxartdığını
vurğulayaraq, onun xilaskarlıq missiyasından danışıb.

Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə
də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak
ediblər.