Lökbatanda yaşayış binasında baş vermiş yanğın nəticəsində dəymiş ziyan müəyyənləşdirilir

Baş səhifə

Bakı. Trend:

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin
Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü
binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu
söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını
alıblar.

Trend xəbər verir ki, bu barədə Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, yanğınla əlaqədar, Qaradağ Rayon İcra
Hakimiyyətinin başçısı, rayonunun hüquq-mühafizə orqanlarının
rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin
rəhbərləri hadisə yerində olublar.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər
rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti
məskunlaşdığı mənzildə baş verib: “Yanğın nəticəsində meydana gələn
qatı tüstü nəticəsində binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə
yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm
Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə
Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və
2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki
88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün
1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.




Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif
Hüseynov Bakı şəhəri Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə
Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn
olunacaqlar”.

Qeyd edilib ki, yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış
sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi
tərəfindən tədbirlər görülür: “Yanğının başvermə səbəbləri
Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan
müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy
veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.

Dövlət Komitəsinin rəhbərliyi baş vermiş yanğında həlak
olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı
verir”.