Azərbaycan Çində külək enerjisi üzrə beynəlxalq tədbirlərdə təmsil olunur

Baş səhifə

Bakı. Trend:

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və Maliyyə
şöbəsinin müdiri Rəqsanə Paşayeva cari ilin 3-5 dekabr tarixlərində
Çin Xalq Respublikasının Şantou şəhərində keçirilən 22-ci Dünya
Külək Enerjisi Konfransında iştirak edirlər.

Trend bu
barədə agentliyə istinadən xəbər verir.




Konfrans çərçivəsində Qlobal Külək Enerjisi Bazarının İnkişafı
və Trendləri, Böyük Ölçülü Külək Turbin Texnologiyaları və Külək
Resursları Texnologiyaları mövzusunda forumlar təşkil olunur.
Konfransın sonrakı günlərində Külək Enerjisində Süni İntellekt
Tətbiqləri və İpək Yolunda Külək Enerjisi Əməkdaşlığı mövzularında
forumlar, o cümlədən Qlobal Külək Enerjisi Sektorunun Tarixçəsinin
Arxivləşdirilməsi üzrə Beynəlxalq Əməkdaşlıq İşçi Seminarının
keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Çin şirkətləri və Çin Külək Enerjisi
Assosiasiyasının nümayəndələri ilə görüşlərin keçirilməsi, külək
enerjisi üzrə yeni texnologiyaların və idarəetmə təcrübələrinin
öyrənilməsi məqsədilə “4 in 1” Dəniz Külək Enerjisi Avadanlıqları
İstehsal Sənaye Parkına səfərin təşkil edilməsi nəzərdə
tutulur.