Bakı. Trend:
Dünya üzrə noyabrın 25-i Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq
Mübarizə Günüdür. Azərbaycanda da bu gün qadınlara qarşı
zorakılığın qarşısının alınması, zərərçəkmişlərin qorunması və
maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə tədbirlər
keçirilir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi qadınların məişət zorakılığı ilə bağlı müraciətlərini
qəbul edir, zərərçəkmişlər üçün sığınacaqlar və dəstək mexanizmləri
fəaliyyət göstərir.
Bəs, zorakılıqla bağlı ölkəmizdə statistika necədir
və mübarizə məqsədi ilə hansı tədbirlər həyata
keçirilir?
Mövzu ilə bağlı Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Hüquqi Təminat şöbəsinin baş mütəxəssisi Rahil
Süleymanzadə açıqlamasında bildirib ki, hər il məişət zorakılığı
ilə bağlı təxminən 600-ə yaxın müraciət daxil olur.
“Komitə tərəfindən müraciətlərə baxılır, daxil olan hər bir
müraciət nəzarətə götürülür və müraciət edənlərə dəstək olmaq üçün
dövlət orqanları arasında əlaqələndirmə tədbirləri həyata
keçirilir.
Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 10
ayı ərzində 474 müraciət daxil olub. Ən çox müraciət Oktyabr ayında
qeydə alınıb. Belə ki, ötən ay məişət zorakılığı ilə bağlı Komitəyə
72 müraciət daxil olub. Bu müraciətlərin 459-u qadınlar tərəfindən
edilib.
Ən çox müraciət Bakı üzrə Sabunçu, Binəqədi, Xətai, Abşeron-Xızı
üzrə Abşerondan, Gəncə-Daşkəsən region üzrə isə Gəncə şəhərindən
olub”, – o əlavə edib.

Komitə rəsmisi bildirib ki, məişət zorakılığı ilə mübarizə
məqsədilə 2025-ci ildə bir sıra layihələr hazırlanıb:
“2024-2025-ci illər ərzində Məişət zorakılığı haqqında Qanunun
təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.
2025-ci ildə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni
layihələr də hazırlanıb. Zərəçəkmiş şəxslərə uzunmüddətli mühafizə
orderi verilməsi ilə əlaqədar onların dövlət rüsumundan azad
olunması, eyni zamanda, mühafizə orderlərinin Daxili İşlər
Nazirliyi tərəfindən də verilməsi, məişət zorakılığı faktlarının
kriminallaşdırılması ilə bağlı yeni layihələrin hazırlanaraq
aidiyyəti qurumlara göndərilməsi həyata keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil
olan müraciətlər əsasında 2025-ci ilin 10 ayı ərzində 474
müraciətin 134-ü psixi, 302-si fiziki, 28-i iqtisadi, 10-u isə
cinsi zorakılıqla bağlı olub.
Məişət zorakılığının qarşısının alınması məqsədilə əhali
arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi,
zərərçəkmiş qadınların sığınacaqlara yerləşdirilməsi, qurumlararası
əlaqələrin gücləndirilməsi və zorakılıq törədən şəxslərlə
tərbiyələndirici-qabaqlayıcı tədbirlərin görülməsi məsələləri də
gündəmdədir”.


