Bakı. Trend:
Nəzəri olaraq neftin orta illik qiymətinin 10 dollar aşağı
düşməsi belə, büdcəyə cəmi 250-300 milyon manat təsir göstərə
bilər: Bu da büdcənin xərclərinin cəmi 0,6-0,7 %-ni təşkil edəcək.
Təbii ki, bu da büdcədə heç bir problem yarada bilməz.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Heydər Əsədov parlamentin bugünkü
plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət
büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, neft-qaz sektorundan büdcəyə
daxilolmalar cəmi 16,4 milyard dollar təşkil edir:
“Bunun 12,8 milyard manatı birbaşa Dövlət Neft Fondunun
transferti, yəni birbaşa ödəmələr şəklindədir. Neftin qiymətinin
istər 1 dollar, istər 100 dollar olmasından asılı olmayaraq, bu
transfertlər məcburidir və mütləq şəkildə büdcəyə ödəniləcək.
Beləliklə, neftin qiymətinin dəyişməsi yalnız yerdə qalan 3,6
milyard manata təsir edə bilər. Bu da təbii ki, SOCAR və məlum
yataqların mənfəət vergisindən daxilolmalardır”.
Deputat qeyd edib ki, neftin qiyməti onun birbaşa büdcənin
gəlir-xərcləri kontekstində deyil, ARDNF-nin aktivlərinə və onun
dayanıqlığına təsiri aspektində daha çox müzakirə olunmalıdır.

