
Bakı. Trend:
2026-cı ilin büdcə zərfi iki fundamental aspektinə görə xüsusilə
fərqlənir. Birincisi, növbəti ilin büdcəsi müstəqillik illərinin ən
böyük büdcəsi olacaq. İkincisi, enerji gəlirlərimiz artıqdan sonra
ilk dəfə dövlət büdcəsinin gəlirlərinin 58 faizə yaxını qeyri
neft-qaz sektorunun payına düşəcək.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü
plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət
büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bu isə o deməkdir ki, qeyri-resurs sektoru yalnız ÜDM-in
formalaşmasında deyil, eyni zamanda fiskal gəlirlərimizdə drayverə
çevrilməkdədir. Bu isə iqtisadiyyatın dinamik inkişafı üçün güclü
maliyyə bazası formalaşdırır”, – deyə o vurğulayıb.
Deputat bildirib ki, qeyri neft-qaz gəlirlərinin müdafiə olunan
xərcləri tamamilə üstəmələsi üçün büdcə konsalidasiyası
çərçivəsində növbəti ildə də fiskal dayanıqlığın güclənəcəyindən
xəbər verir:
“Belə ki, gələn il 12 milyard manatdan artıq vəsait milli
təhlükəsizliyimizin güclənməsinə və işğaldan azad olunan
ərazilərimizin bərpasına yönəldiləcək. Ümumi büdcə xərclərinin 30
faizinə yaxının sözügedən iki istiqamətə yönəldilməsinə baxmayaraq
digər prioritet hədəflərə də tələb olunan vəsaitin ayrılması mümkün
olacaq. Belə ki, gələn il büdcə xərclərinin 17 milyard manatdan
çoxu sosial yönümlü olacaq. Bu isə büdcədən xərclənən hər 100
manatdan 41 manatın sosial istiqamətə ayrılması deməkdir”.
V.Bayramovun sözlərinə görə, son 30 ildə Azərbaycanın dövlət
büdcəsi 50 dəfə artıb. Eyni zamanda, 1995-ci ildə 300 dollar olan
adambaşına ÜDM 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən
çox artıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən,
post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə
görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib.
Azərbaycan son 30 ildə iqtisadi stabilliyi gücləndirməklə yanaşı,
neft gəlirlərindən sonra iqtisadiyyatın şaxələndirilməsi
islahatlarını dərinləşdirdi.
“İqtisadiyyatın diversifikasiya baxımdan qeyd etmək lazımdır,
son 10 ildə qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı 3 dəfə
bənd artaraq 20 faizdən 60 faizə çatmaqdadır. ÜDM-in isə 68 faizi
qeyri neft-qaz sektorunun payına düşür.
Bütün bunlar ilə yanaşı bir sıra təkliflərimizi təqdim etmək
istərdim:
- Büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və
eləcə də bir sıra sektorlardakı tələbə təsirlərinin ayrıca
qiymətləndirilməsi məqsədəuyğun olardı; - Subsidiyaların səmərəliliyin qiymətləndirilməsi və ayrılması
mexanizminin təkmilləşdirilməsi məqsədəuyğun olardı; - Nazirləri Kabinetində təşkil edilən bir sıra müzakirələrə
ekspertlərin də dəvət edilməsi arzuolunan olardı. Oxşar praktika
Mərkəzi Bank tərəfindən həyata keçirilir”, – deyə o fikrini
yekunlaşdırıb.


