Sauth Vong: Xarici müdaxilə və təhdidlərə qarşı ən optimal vasitə Konstitusiyanın qorunmasıdır

Baş səhifə
Sauth Vong: Xarici müdaxilə və təhdidlərə qarşı ən optimal vasitə Konstitusiyanın qorunmasıdır

Ərazisindən və gücündən asılı olmayaraq, hər bir dövlət beynəlxalq arenada bərabər milli statusa malikdir.

“Report” xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında Kamboca Milli Assambleyasının ikinci vitse-prezidenti Sauth Vong deyib.

O deyib ki, Konstitusiya sadəcə ali qanun deyil, o bir xalqın ərazi bütövlüyündən tutmuş insan layəqətinə qədər hər şeyi özündə əks etdirir.

Kambocalı nümayəndə fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinin cəsarətli siyasi liderliliyini alqışladığını bildirib:

“Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, sülh təşəbbüskarı kimi çıxış edib və ölkənin inkişafı üçün lazımi addımlar atıb”.

Kamboca Milli Assambleyasının ikinci vitse-prezidenti müasir dünyada suverenlik üçün risk amillərinə toxunub:

“Bu mənada, xarici müdaxilə və təhdidlərə qarşı ən optimal vasitə və qalxan məhz konstitusiyanın qorunmasıdır. Konstitusiya prinsiplərinin möhkəmləndirilməsi uzunmüddətli dayanıqlı təminata gedən yoldur”.

Sauth Vong yekunda Kamboca və Tailand arasında bu yaxınlarda imzalanan sülh sazişində göstərdiyi səylərə görə Donald Trampa təşəkkür edib.