Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə hazırıq – Paşinyan

Baş səhifə

Bakı. Trend:

Ermənistan oktyabrın 27-dən etibarən Türkiyədən Azərbaycana və
əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə
hazırdır.

Trend xəbər verir
ki, bu barədə parlament iclasında çıxış edən Ermənistan Baş naziri
Nikol Paşinyan bildirib.

“Azərbaycanın Ermənistana tranzit daşımalarına qoyulan
məhdudiyyətləri aradan qaldırmaq qərarını tarixi hadisə hesab
edirəm … Cavab olaraq, Ermənistan bu gündən etibarən Türkiyədən
Azərbaycana və əks istiqamətdə avtomobil nəqliyyatı ilə tranzit
daşımalarını təmin etməyə hazırdır, çünki hazırda bizdə yalnız bu
infrastruktur mövcuddur”, – deyə o vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında
sülh artıq baş vermiş faktdır və hər iki ölkə bu reallıqda yaşamağı
öyrənməlidir.

“Biz sülhün qayğısını çəkməliyik, o cümlədən gələcək parlament
seçkilərinin – lakin bu sülhü qorumaq məntiqi ilə. Əks nəticə
Ermənistanın yenidən münaqişəyə sürüklənməsinə və onu forposta
çevrilməsinə gətirib çıxarar”, – deyə o əlavə edib.

Paşinyanın bildirdiyinə görə, Azərbaycanın ərazisindən, daha
sonra isə Gürcüstandan keçməklə Ermənistana daxil olacaq ilk
tranzit yük Qazaxıstandan gətirilən buğda olacaq.