
“PAŞA Bank” 2025-ci ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci ilin III rübündə “PAŞA Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5% azalaraq 132 milyon 837 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 146 milyon 778 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 10.4% artaraq 396 milyon 724 min manat, faiz xərcləri isə 66.6% artaraq 141 milyon 497 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 200 milyon 576 min manata ( illik müqayisədə 3.1% çox), qeyri-faiz xərcləri isə 265 milyon 916 min manata ( illik müqayisədə 1% az) bərabər olub. Beləliklə bank bu dövrdə 185 milyon 328 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 4.1 % azdır.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 8.7% və ya 712.3 milyon manat artaraq 8 milyard 932.5 milyon manata yüksəlib. Cari ilin ilk 9 ayında “Paşa Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.1% və ya 35.1 milyon manat artaraq 3 milyard 338.4 milyon manata bərabər olub.
Bu dövrdə “Paşa Bank”ın cəmi öhdəlikləri 7 milyard 936.3 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 8.5% və ya 623 milyon manat çoxdur.
Bankda fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 6.8% və ya 128.7 milyon manat azalaraq 1 milyard 759.7 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 10.7% və ya 484.9 milyon manat artaraq 5 milyard 6.5 milyon manat olub. Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk doqquz ayında 5.6% və ya 356.2 milyon manat manat artaraq 6 milyard 766.2 milyon manata yüksəlib.
2025-ci il oktyabr ayının 1-nə “Paşa Bank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 9.8% və ya 89.3 milyon manat artaraq 996 milyon 159 min manat təşkil edib.


