
Bakı. Trend:
Müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu oktyabrın
25-dək regional sənəd qəbulu mərkəzlərində və elektron qaydada
olmaqla iki formada həyata keçiriləcəkdir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlərin qeyd
olunan üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim
etmələri yetərli hesab olunur. Sənəd qəbulu mərkəzləri Gəncə
şəhərində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində (Ünvan:
Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56), Bakı şəhərində isə
Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi
İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov
küçəsi 9a) fəaliyyət göstərəcək.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların
hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi
hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit,
gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də
ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı
Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı
maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q”
bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata
buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın
cinsli vətəndaşlar qəbul edilir.
Kursa qəbul üçün tələb olunan sənədlər:
– kursa qəbul olunmaq barədə ərizə;
– anket forması;
– tərcümeyi-hal (1 nüsxədə);
– təhsil haqqında sənədin surəti (1 nüsxədə);
– doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
– yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
– əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti
(diplom, sertifikat, şəhadətnamə və s.);
– şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət
vəsiqəsindən çıxarış (1 nüsxədə);
– sürücülük vəsiqəsinin surəti (olduğu təqdirdə, 1 nüsxədə);
– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1
nüsxədə);
– həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1
nüsxədə);
– rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm, 2 ədəd
4.5×6 sm və 3 ədəd 9×12 sm);
– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş
surəti (1 nüsxədə, kişi cinsli vətəndaşlar üçün);
– psixonevroloji, narkoloji, vərəm və dəri- zöhrəvi
dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması
haqqında arayışlar.
Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az
saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş
hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu
portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.
Ətraflı məlumat üçün Milli Müdafiə Universitetinin rəsmi veb
saytına (mmu.edu.az) keçid edə və ya Çağrı mərkəzi – *0811 (iş
günlərində saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlaya
bilərsiniz.


