Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

2 oktyabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan
Respublikası ilə Yaponiya Xarici İşlər Nazirlikləri arasında
növbəti siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici
işlər nazirinin müavini Elnur Məmmədov, Yaponiya tərəfindən isə
Xarici İşlər Nazirliyinin Avropa bürosunun Baş direktorunun
müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə Masaki
İşikava başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı siyasi, iqtisadi, investisiya,
ticarət, təhsil, mədəniyyət, humanitar, enerji, ekologiya, iqlim,
turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi
aparılıb.

İkitərəfli münasibətlərin inkişafının müxtəlif sahələri,
beynəlxalq arenada və regional məsələlər üzrə aparılan
müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti, beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin
vacibliyi xüsusi qeyd edilib.

Nazir müavini Elnur Məmmədov qarşı tərəfə Azərbaycanın sülh
gündəliyi, Ermənistanla münasibətlərdə normallaşma prosesi,
işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və
investisiya layihələri haqqında ətraflı məlumat verib.