Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Lökbatanda yanğına səbəb olan tullantıların təmizlənməsini təşkil edib.
Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığındakı gölün ətrafında məişət tullantıları yığılan ərazidə iyunun 20-də yanğın baş verib və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən verilən məlumata görə, hadisə ilə əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində yanğın baş verməsinə münbit şərait yaradan məişət tullantılarının daşınaraq ərazinin təmizlənməsi qərara alınıb.
Qeyd olunanları nəzərə alaraq, gələcəkdə həmin ərazidə yanğın hadisəsinin təkrarlanmasının və ətraf üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının nəzarəti altında xüsusi texnikalar cəlb olunaraq toplanmış məişət tullantılarının ərazidən daşınması işlərinə başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
www.RESMIXEBER.az