Ermənistan Üçtərəfli Bəyanatın legitimsizləşdirilməsi üçün əlindən gələni edir – ŞƏRH

Siyasət


Bu həftə – iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutuldu. Atəş nəticəsində hərbi qulluqçumuz Əli Şükür oğlu Bəkirov yaralandı. Azərbaycan Ordusu yaralanmış əsgərimizin qisasını almaq üçün elə həmin gecə cavab tədbirlərinə başladı. “Qisas” adı altında keçirilən bu əməliyyatla qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi.

Burada bir məqama diqqət çəkmək istərdik. Belə ki, sözügedən əməliyyatlar zamanı məhv edilən 5 nəfərdən 2-si Ermənistan Silahlı Qüvvələrinin (SQ) hərbçiləridir. Bunu Ermənistan tərəfi özü də etiraf edib. Beləliklə, Qarabağda məhv edilmiş şəxslər arasında Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin olması bir daha sübut edir ki, Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsində fiziki mövcudluğu faktiki olaraq davam edir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də digər rəsmi şəxslər danışıqlar prosesində Qarabağda Ermənistan SQ-nin mövcudluğunu inkar edirlər. Bu fakt isə onların saxtakarlığını bir daha təsdiqləmiş oldu.

Məlumata görə, Azərbaycanın Qarabağ bölgəsində hazırda 10 minə yaxın qanunsuz silahlı birləşmə üzvü var və şübhə yoxdur ki, onların arasında Ermənistan ordusunun hərbçiləri də mövcuddur. Baxmayaraq ki, qarşı tərəf bunu inkar edir, amma bu qanunsuz dəstələrin vahid əməliyyat idarəetmə sistemi məhz Ermənistan SQ Baş Qərargahı tərəfindən təmin edilir. Eləcə də logistik dəstək, silah-sursat, şəxsi heyətin təminatı, təlim-məşq prosesi, həmçinin, qanunsuz birləşmələrin maliyyə təminatı Ermənistan büdcəsi hesabına həyata keçirilir.

Bu arada, xatırladaq ki, Üçtərəfli Bəyanatın ən vacib müddəalarından birinə əsasən, Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə paralel şəkildə qanunsuz silahlı birləşmələr Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin bu müddəa hələ də təmin olunmur. Təəssüf ki, bütün bunlar da sülhməramlıların gözü qarşısında baş verir. Beləliklə, sözügedən müddəa məhz Rusiya və Ermənistanın özü tərəfindən kobud şəkildə pozulur.

Bununla belə, Ermənistan tərəfi qabaqdangəlmişlik edərək Azərbaycanın ünvanına hansısa ittihamlar səsləndirir. Guya Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarını pozur, Laçın yolunu Qarabağda yaşayan ermənilərin üzünə qapadır. Halbuki, istər sülhməramlıların, istərsə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə mülki ermənilərin buraxılış məntəqəsindən keçidi təmin edilir. Odur ki, Ermənistanın ittihamları əsassızdır. Digər tərəfdən, indiki real vəziyyətə əsasən Üçtərəfli Bəyanat kontekstindən danışmağın özü də mənasızdır. Çünki Rusiya və Ermənistanın həmin müddəaya əməl etməməsi Üçtərəfli Bəyanatı tamamilə qeyri-legitim sənədə çevirir, belə demək mümkünsə, bu sənədin ətrafında yaradılmış arxitektura dağıdılır.

Digər tərəfdən, sözügedən sənəd Azərbaycanın Naxçıvanla əlaqəsini, eləcə də Zəngəzur dəhlizinin açılmasını da təmin etməli idi. Lakin hələlik bunlar da həyata keçirilməyib. Buradan belə nəticə çıxır ki, Rusiya və Ermənistan bu sənədin legitimsizləşdirilməsi üçün əllərindən gələni edirlər. Əlbəttə, bütün bunlara görə məsuliyyət Rusiya və Ermənistanın üzərinə düşür. Ona görə ki, sənəddə məhz bu ölkələrin rəhbərlərinin imzaları var.

Qayıdaq Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni hərbi birləşmələrin təxribatlarına. Görünən odur ki, bu cür təxribatlarla sülh prosesinə xələl gətirməyə çalışırlar. Bəzi məlumatlar da deməyə əsas verir ki, qanunsuz hərbi birləşmələr yeni təxribatlar hazırlayır. Təəssüf ki, bu da rusiyalı sülhməramlıların gözü qarşısında baş verir. Təbii ki, yeni təxribatlar baş verərsə, Azərbaycan Ordusu “Qisas-3” əməliyyatına başlayacaq. Artıq hər kəs bilməlidir ki, Azərbaycan öz ərazilərində qanunsuz silahlı birləşmələrin mövcudluğuna göz yummayacaq.

Əlbəttə, Azərbaycan humanizm prinsiplərindən çıxış edərək Ermənistan ordusunun 2 hərbçisinin cəsədini qarşı tərəfə qaytaracaq. Bəzi mənbələrə görə, artıq bu istiqamətdə sülhməramlı kontingentlə də təmaslara başlanılıb. Bununla belə, təbii ki, hadisələr bu cür davam edə bilməz. Azərbaycan ərazisində tam demilitarizasiya təmin edilməli, qanusuz hərbi birləşmələr ərazilərimizdən çıxarılmalı və burada yaşayan əhalinin reinteqrasiyası təmin edilməlidir.

Bir daha xatırlatmaq yerinə düşər ki, baş verənlər Ermənistanın riyakar siyasətinin isbatıdır. Ermənistan üzdə sülh müqaviləsində maraqlı olduğunu, hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə bəyan etsə də, əməldə tam fərqli mövqe sərgiləyir, hərbi-siyasi təxribatlarını davam etdirir.

Lakin Ermənistan unutmasın ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini tam təmin etmək əzmindədir. Prezident İlham Əliyevin 26 İyun – Ordu Günü münasibətilə çıxışında qeyd etdiyi kimi, istənilən təxribatın cavabı sərt olacaq!

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir