Moskvanın edam poliqonu: Cəmşid Naxçıvanskinin dəfn olunduğu gizli “NKVD” obyektindən FOTOREPORTAJ

Dünya


Ötən əsrin 30-40-cı illəri tarixə “böyük terror”, “Yejovşina” və ya “Stalinin siyasi repressiyaları” adı altında düşüb. 700 minə yaxın insanın güllələnməsinə, milyon yarımdan çox insanın siyasi motivlərlə həbsinə səbəb olan Sovet İttifaqının repressiya maşınının altında Azərbaycanın da çox sayda ziyalısı, dövlət xadimləri qalıb. Qanlı imperiyanın süqutundan illər sonra açılan arxiv sənədləri yeni faktların üzə çıxmasına səbəb olub. Bu faktlardan biri də Moskvanın cənubunda yerləşən “Kommunarka” adlı xüsusi təyinatlı gizli “NKVD” obyektidir. General Cəmşid xan Naxçıvanski daxil olmaqla 16 azərbaycanlının dəfn olunduğu Moskvanın edam poliqonundan resmixeber.az-nın hazırladığı reportajı təqdim edirik.

“Kommunarka” edam poliqonu

SSRİ “NKVD”-sinin keçmiş xüsusi təyinatlı gizli obyekti “Kommunarka”… Ötən əsrin 30-40 illərində Moskvada güllələnənlərin kütləvi məzarlıqları üçün indiyə kimi məlum olan beş yerdən biridir. “Yauza” xəstəxanasının məzarlığı, “Vaqankovski” məzarlığı, “Donskoy” krematoriyası, “Butovo” və “Kommunarka” poliqonları…

“NKVD”-nin Mərkəzi Aparatının xüsusi təyinatlı gizli obyekti olan “Kommunarka” Moskvadan 26 km məsafədə, Kaluqa şosesinin yaxınlığında yerləşir.

1920-ci illərin sonlarında SSRİ-nin dövlət təhlükəsizliyini qoruyan xüsusi orqanı Birləşmiş Dövlət Siyasi İdarəsinin sədri, ovaxtkı xalq daxili işlər komissarı olmuş Henrix Yaqoda üçün meşədə bağ evi tikilir. 1937-ci ildə bütün ölkəni bürüyən və “böyük terror” kimi tarixə düşən kütləvi “Stalin repressiyaları” başlayır. 1937-ci ilin martında Yaqoda həbs edilir və onun bağ evinin ərazisində güllələnənlər kütləvi dəfn olunur.

“Kommunarka”nın 1937-ci ildə edam poliqonu seçilməsi “Donskoy” krematoriyasının təmirə bağlanması ilə əlaqəli olub. Belə ki, o vaxt siyasi motivlərlə həbs olunan yüksək vəzifəli şəxslər edam edildikdən sonra onların nəşi yandırılırmış, lakin həmin dövrdə “Donskoy” krematoriyası təmirə bağlandığından qərara alınır ki, güllələnən şəxslər “Kommunarka”da kütləvi şəkildə dəfn olunsunlar.

1937-ci il sentyabrın 2-dən 1941-ci il noyabrın 24-dək olan müddətdə “Kommunarka” ərazisində 6609 nəfər dəfn edilib. Onların arasında SSRİ və ittifaq respublikalarının xalq komissarları, partiyanın rəhbər şəxsləri, hərbi rəhbərlər, donanma komandirləri, kəşfiyyat orqanlarının rəhbərləri, diplomatlar, “NKVD”-nin vilayət komitələrinin katibləri və şöbə müdirləri, qəzetlərin baş redaktorları və elmi institutların rəhbərləri olub. Güllələnən vəzifəli şəxslərin taleyini çox vaxt onların həyat yoldaşları, uşaqları, qohumları da bölüşüb.

Qulaq Tarixi Muzeyinin baş elmi əməkdaşı, tarix elmləri namizədi Tatyana Polyanskaya bildirib ki, “Kommunarka” əsasən “Stalinin edam siyahısı”nda adı keçənlərin kütləvi dəfn olunduğu məkandır: “İndiyə kimi 383 siyahının olduğu məlumdur. Bu siyahı 44 min insanın taleyini əhatə edir. Güllələnmə cəzasına məruz qalan insanların çoxu Stalinin sanksiyası ilə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən məhkum edilib. Cinayət işlərinə vəkillərin, şahidlərin iştirakı və hökmdən apellyasiya şikayəti verilməsinin mümkünlüyü olmadan baxılıb. Həbs olunanları məhkəmə iclasına gətirirdilər. İclas 5 dəqiqə, maksimum 20 dəqiqə davam edirdi. Müttəhimə cinayət ittihamı elan olunurdu. Daha sonra kollegiya bir dəqiqəlik müşavirəyə gedir, əvvəlcədən təsdiq olunan hökmünü elan edirdi. Elə həmin gün güllələnmə icra olunurdu. Gün ərzində məhkəmə 40-80 arası güllələnmə hökmü çıxarırdı. Ölüm hökmü çıxarılanların yaxınları onların taleyindən, yəni güllələnməsindən xəbərsiz olurdular. Əgər kimsə bu barədə sorğu göndərsəydi, ona “10 il yazışma hüququ məhdudlaşdırılıb” cavabı gəlirdi. Bu isə həmin şəxsin artıq güllələnməsi demək idi”.

Azərbaycan “böyük terror”un məngənəsində…

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Sovet İttifaqında baş verən “arxiv inqilabı” gizli sənədlərin üzə çıxmasına səbəb olur. Məlum olur ki, ittifaq respublikalarında, o cümlədən Azərbaycanda repressiyalar SSRİ-nin xalq daxili işlər komissarı Nikolay Yejovun 00447 saylı operativ əmri imzalamasından sonra kütləvi xarakter almağa başlayıb və əmrə əsasən, Azərbaycana repressiya olunmaq üçün 5250 nəfər limit ayrılıb.

“Əmrin nömrəsinin qarşısındakı iki sıfır onun tam məxfi olduğunu göstərir. Bu əmr antisovet elementləri ilə repressiya olunanlar haqqındadır. Antisovet düşüncəsinə kimlər aid olub? Bu kateqoriyaya aid şəxslər bu və ya digər hallarda sovet hakimiyyətinin potensial rəqibləri olub. Stalin hesab edib ki, həmin şəxslər hansısa kritik məqamda sovet hakimiyyətinə qarşı çıxa bilərlər. Yəni ki, bunlar müxtəlif kateqoriyadan olan “keçmişlər” – keçmiş ağqvardiyaçılar, müxalif partiyaların üzvləri və əlbəttə ki, din xadimləridir. 1937-ci ilin 30 iyul tarixində məlum əmr imzalanandan sonra terror kütləvi və miqyaslı xarakter almağa başlayıb”, -deyə Tatyana Polyanskaya vurğulayıb.

“00447 saylı məxfi qrifli əmr: Azərbaycandan 1500 nəfər güllələnsin”

Qulaq Tarixi Muzeyindən əldə etdiyimiz arxiv sənədlərindən məlum olur ki, Yejovun məlum əmri ilə ittifaq respublikalarının hər birindən limitlər, yəni repressiyaya məruz qalacaq şəxslərin sayı təsdiqlənib. Həmin şəxslər isə iki kateqoriyaya bölünüb. Birinci kateqoriyaya aid şəxslər barəsində güllənmə, ikinci kateqoriyaya aid şəxslər barəsində isə 8-10 il müddətinə islah-əmək düşərgələrinə, yəni uzaq Sibirə sürgünə göndərilmək hökmü çıxarılmalı imiş. Bu əmrin icra edilməsi üçün hətta məhkəmədən kənar xüsusi “üçlük orqanı” yaradılıb. Çünki heç bir məhkəmə bu qədər sayda işə baxıb, hökm çıxara bilməzdi. Həmin “üçlük orqanı”na Azərbaycan “NKVD”-sinin idarə rəisi, prokuroru və partiya hakimiyyətinin nümayəndəsi daxil olub.

T. Polyanskayanın sözlərinə görə, Azərbaycanda repressiya birbaşa olaraq Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun adı ilə bağlı olub: “1937-ci ilin fevral-mart plenumlarında o da iştirak edib. Həmin plenumlarda Stalin ilk dəfə müxalif düşüncəli şəxslərin məhvinin vacibliyini elan edib. Bağırov plenumdan sonra Bakıya qayıdıb və repressiyaları elan edərək bütün müxalif düşüncəlilərin məhvinə hazır olduğunu bəyan edib. Əgər biz Azərbaycan SSR ilə bağlı repressiyaya məruz qalmalı şəxslərin limitinə baxsaq, çox unikal bir halla qarşılaşırıq. Belə ki, Azərbaycan nadir respublikalardan olub ki, “böyük terror” zamanı respublikanın rəhbəri repressiyaya məruz qalmayıb. Ona görə ki, SSRİ-nin bir çox regionlarında “böyük terror”u başladanların özləri artıq 1938-ci ildən etibarən onun qurbanı olublar. Bağırov isə bundan yayına bilib”.

“Bağırovun xahişi ilə Azərbaycan üzrə güllələnmə limiti 1500 nəfərdən 3500 nəfərə qaldırılır”

Rusiyalı tarixçi bildirib ki, Yejovun məxfi qrifli 00447 saylı əmrinə əsasən, Azərbaycana əvvəl 5250 nəfər limit ayrılıb: “Əgər biz bunu Ermənistanla müqayisə etsək, bu rəqəm haradasa 3 dəfə çox olub. Bu, onu göstərir ki, Azərbaycandan dərhal repressiya siyahısına çox sayda insan daxil edilib. Onlardan 1500 nəfəri birinci kateqoriya üzrə, yəni güllələnməli, 3750 nəfəri isə islah-əmək düşərgələrinə sürgünə göndərilməli imiş.

“Böyük terror” zamanı istintaqın aparılmasının xüsusiyyətləri ondan ibarət olub ki, həmin şəxslərə qarşı fiziki güc tətbiq edilib. Məqsəd isə həmin adamın günahını sübuta yetirmək yox, etiraf almaq olub. Həmin şəxsdən cinayət ortağının adını çəkmək tələb olunub. Adıçəkilən şəxslər də həbs olunublar. Ona görə də məcburən limitlər artırılıb. Əmrə əsasən, Azərbaycan SSR-nin xalq daxili işlər komissarı 1500 nəfərdən artığını güllələyə bilməzmiş. Lakin aparılan istintaq zamanı, yəni güclə etiraf etdirmədən sonra birinci kateqoriya üzrə mühakimə olunacaqların sayına 2 min nəfər əlavə olunub. Bu zaman nə baş verir? Mərkəzə, Moskvaya şifrələnmiş teleqram göndərilir. Həmin teleqramda Azərbaycan üzrə güllələnməyə məruz qalacaq şəxslərlə bağlı limitin artırılması istənilir. Mərkəz Bakının istəyini qəbul edir və faktiki olaraq Bağırovun xahişi ilə Azərbaycanda güllələnmə üzrə limit 2 min nəfər artırılaraq 3500 nəfərə çatdırılır. Baxın, həmin sənəd Kommunist Partiyasının Siyasi Bürosunun bütün üzvləri – Stalin, Molotov, Kaqanoviç, Voroşilov və Mikoyan tərəfindən dərhal imzalanır”.

Qulaq Tarixi Muzeyində nümayiş olunan bu sənədlərin orijinalı Rusiyanın dövlət arxivlərində saxlanılır. Həmin arxivlərdə “böyük terror”la bağlı sənədlər, “Stalinin xüsusi qovluğu”, “Yejovun xüsusi qovluğu” var. Bu materialları öyrənən zaman repressiyanın miqyası, onun qəddarlığı və kütləviliyini anlamaq mümkündür.

T. Polyanskaya bildirib ki, tarixçilərin hesablamalarına görə, “böyük terror” illərində tək Azərbaycandan 25 mindən çox insan repressiyaya məruz qalıb. Bura həm Yejovun 00447 saylı əmr ilə, həm də “milli əməliyyat” zamanı repressiyaya məruz qalmış şəxslər daxildirlər.

O qeyd edib ki, təkcə elə “Kommunarka”da azərbaycanlılar daxil olmaqla, 60-dan çox xalqın nümayəndəsinin güllələndikdən sonra dəfn olunduğu məlumdur. “Bu gün Azərbaycandan repressiya olunanlarla bağlı arxivlərdə yeddi siyahı var. Onlardan biri Bakı ilə, altısı isə ümumilikdə Azərbaycanla bağlı siyahıdır. Həmin siyahıda olanların 16 nəfəri məhz “Kommunarka”da dəfn olunub”, -deyə Qulaq Tarixi Muzeyinin baş elmi əməkdaşı bildirib.

“Kommunarka”da dəfn olunan azərbaycanlılar

“Kommunarka”da dəfn olunan azərbaycanlılar arasında məşhur Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid Xan Naxçıvanski, Azərbaycan Xalq Cümhuriyyətinin donanmasının komandanı olmuş Çingiz İldırım, Azərbaycanın xarici ticarət xalq komissarı Teymur Əliyev, Azərbaycanın Mərkəzi İcraiyyə Komitəsinin sədri olmuş Sultanməcid Əfəndiyev, Azərbaycan SSR-in xalq maarif komissarı olmuş Ruhulla Axundov və Özbəkistanda yüksək dövlət vəzifəsi tutmuş Əliheydər Şirvani Mustafabəyovun adlarını çəkmək olar.

SSRİ-nin dağılmasına qədər “Kommunarka” dövlət təhlükəsizlik orqanlarının mühafizə etdiyi xüsusi təyinatlı gizli obyekt olaraq qalıb. Burada kütləvi məzarlıqların olması yalnız 1991-ci ildə, yəni Sovet İttifaqı dağılandan sonra məlum olub. 1999-cu ilin yazında güllələnmə poliqonunun ərazisi Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq Rus Pravoslav Kilsəsinin yurisdiksiyasına verilib. 2007-ci ildə isə burada “Rusiyanın müqəddəs yeni şahidləri və etirafçıları” adlı məbəd inşa olunub.

Məbədin rəhbəri İeromonax Yermogen Semin “Kommunarka”da Azərbaycandan olan görkəmli şəxslərin dəfn olunması barədə danışarkən general Cəmşid xan Naxçıvanskini xüsusi vurğulayıb: “O, diviziya komandiri olub, müharibələrdə iştirak edib, lakin taleyin iradəsi ilə repressiyaya məruz qalıb. Bir neçə il bundan qabaq Azərbaycandan bura nümayəndələr gəlmişdi. Onun xatirəsi burada yad olundu. Bu, bizim üçün çox önəmlidir”, – deyə din xadimi qeyd edib.

2012-2018-ci illərdə Qulaq Tarixi Muzeyi arxeoloqlarla birlikdə “Kommunarka”da tədqiqatlara başlayıb. Aparılan tədqiqatlar nəticəsində əvvəllər məlum olmayan böyük dəfn ərazisi müəyyən edilib. Daxil olan materiallar əsasında 130 dəfn yerinin müfəssəl xəritəsi tərtib edilib və nekropolun ümumi sahəsi 1943 kvadratmetr müəyyən edilib. 2021-ci ildə Yaddaş Fondu “Kommunarka”da 6609 şəxsiyyətin məlumat bazasını, tədqiqat nəticələrini və xüsusi obyektin tarixinə dair sənədlərin, materialların surətlərini ehtiva edən məlumat mərkəzi açıb.

“NKVD” zabitlərinin planına görə, “Kommunarka”da dəfn edilmiş insanların xatirəsi silinməli, dəfn olunduğu yer isə əbədi olaraq naməlum qalmalı imiş. Lakin son edamlardan cəmi yarım əsr sonra, 1991-ci ildə bu dəfnlər barədə məlumatlar məlum olur. Bu gün isə burada yatanların adlarını belə çəkmək mümkündür. Onların adları “Kommunarka”da yaradılan xatirə lövhəsinə həkk olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir