“Böyük Qayıdış” Gənclər Təşkilatı Silahlı Qüvvələr Gününü qeyd edib – FOTO

HƏRBİ


“Böyük Qayıdış” Gənclər Təşkilatı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir sıra tədbirlər keçirib. 

Tədbirlər çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyində “Zəfər müjdəli Müzəffər Ordu”  adlı görüş, Hərbi Qənimətlər Parkına və Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub.  

Gənclərin hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi, onlar arasında hərb elminə marağın yaradılması, hərb tariximiz, tarixi Zəfərimiz və öz tarixi missiyasını yerinə yetirən rəşadətli Ordumuz haqqında məlumatlılığın artırılması məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi-ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun iştirakı ilə görüş olub. “Zəfər müjdəli Müzəffər Ordu”  adlı görüşdə müasir və güclü arsenala malik olan Azərbaycan Ordusunun tarixi inkişaf mərhələləri, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsində yüksək döyüş ruhu, onun qazandırdığı tarixi Qələbə haqqında danışılıb.

Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurtuluşu və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu kimi, əzəmətli və güclü Azərbaycan Ordusu da məhz dahi liderin  siyasətinin göstəricisidir. Bu siyasət Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ordumuz günü-gündən güclənir, döyüş qabiliyyətini artıran və NATO standartlarına cavab verən modern ordu formalaşdırılır. Bunun əyani sübutu böyük qələbənin ilk qığılcımı kimi qiymətləndirilən Aprel döyüşlərində, daha geniş miqyasda isə Vətən müharibəsində olub.

İnteraktiv şəkildə baş tutan görüşdə gənclər mövzu ilə bağlı onları maraqlandıran sualları səsləndiriblər.

Tədbirin sonunda “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən bir qrup Vətən müharibəsi qazisini təltif edilib. 

Eləcə də Şanlı zəfərimizin, Müzəffər Azərbaycan Ordusunun göstərdiyi şücaətin yekunu, xalqımızın qürur ünvanı olan Hərbi Qənimətlər Parkına və Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub. Hərbi Qənimətlər Parkına ekskursiyada iştirak edən gənclər Vətən müharibəsi zamanı düşməndən qənimət kimi götürülən tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Şuşaya atılmış “İsgəndər-M” raketinin qalıqları ilə tanış olub, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat əldə ediblər. 

Azərbaycan Hərb Tarixi Muzeyinə təşkil olunan ekskursiyada hərbi texnikadan ibarət ekspozisiya, eləcə də qədim dövrlərdən bu günə kimi hərb tariximizə aid eksponatların nümayiş olunduğu zalları ziyarət edilib. Muzey əməkdaşı tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verərək iştirakçıların suallarını cavablandırıb.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir