Tarixçi alim: “Azərbaycan əsgəri 26 iyunu qaliblərin bayramına çevirdi” – FOTO

HƏRBİ


“1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu işlərindən biri milli ordu quruculuğu idi. Qısa zaman kəsiyində 40 minlik bir ordunun yaradılması böyük siyasi-hərbi hadisə oldu”.

Bu sözləri resmixeber.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov 26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, 1920-ci ilin aprel işğalı Cümhuriyyətin əldə etdiyi bütün uğurların üstündən xətt çəkdi. Ən böyük zərbə milli ordu quruculuğuna dəydi:

“Müstəqil Azərbaycan xanlıqları XIX əsrin ilk 30 ilində çar Rusiyası tərəfindən işğal olundu. Xanlıqların orduları ləğv olundu, silah-sursatları isə müsadirə edildi. Çar üsul-idarəsi XIX əsrin 70-ci illərində müsəlmanların, o cümlədən azərbaycanlıların hərbi xidmətə çağırılmasını dayandırdı, hərbi xidmət hərbi mükəlləfiyyətlə əvəz olundu. Fevral burjua inqilabından sonra Cənubi Qafqazda acınacaqlı bir mənzərə üzə çıxdı. Rus ordusunun tərkibində kifayət qədər erməni, gürcü əsgər və zabiti xidmət etdiyi halda, azərbaycanlılar haqqında bunu demək mümkün deyildi. Azərbaycanın milli-demokratik qüvvələri Aleksandr Kerenskinin ( Fevral inqilabının rəhbərlərindən biri, Müvəqqəti Hökumətin baş naziri-red.) rəhbərlik etdiyi Müvəqqəti Hökumətə milli qoşun hissələrinin yaradılmasına icazə verilməsi ilə bağlı müraciət etsələr də, hökumət bunu 1917-ci il sentyabrın sonuna kimi ləngitdi.

1917-ci ilin iyulunda Gəncədə Müsəlman Milli Komitəsinin köməyi ilə 150 gəncə hərbi işin vərdişlərinin öyrədilməsinə başlandı. Gəncə ilə yanaşı, milli qüvvələrin təşkili Lənkəranda da həyata keçirildi. Bakıda bu işə başlamaq mümkün olmadı. Çünki Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələri Erməni Milli Şurası və “Daşnaksütyun” partiyası ilə birləşərək milli qüvvələrin yaradılmasına imkan vermirdi. 1917-ci ilin dekabrında Zaqafqaziya Komissarlığının qərarı ilə Müsəlman Korpusu yaradıldı. Korpusun komandiri general-leytenant Əliağa Şıxlınski təyin olundu. Müsəlman Korpusunun qərargahı Tiflisdə yerləşirdi”.

A.İsgəndərov həmin dövrdə ən böyük çətinliyin kadr və səfərbərlik məsələsi olduğunu vurğulayıb:

“Milli qoşun hissələrinin təşkilində və təchizində milli burjuaziyanın nümayəndələri Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və başqaları yaxından iştirak edirdilər. Müsəlman Korpusunun yaradılmasında qarşıya çoxlu çətinlik çıxırdı. Ən böyük çətinlik kadr və səfərbərlik məsələsi idi. Azərbaycanlı zabitlərin olmaması məsələni xeyli çətinləşdirirdi. Korpusun zabitlərinin əksəriyyətini ruslar təşkil edirdi. Məsələnin qismən həll edilməsi üçün Bakıda Kadet məktəbində müsəlman ictimai təşkilatlarının təşəbbüsü ilə milli zabit kadrlarının hazırlanmasına başlanıldı. Müsəlman Korpusunda general-leytenant Əliağa Şıxlınski ilə yanaşı, general Talışınski, general Mençukov, polkovnik Əfəndiyev, polkovnik Tlexas, polkovnik Qaytabaşı, polkovnik Əmənulla Mirzə Qacar, polkovnik Hacıbəyli kimi zabitlər qulluq edirdilər.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının üzvləri müsəlman şərqində ilk Cümhuriyyətin yaradıldığını elan etdilər. Gəncəyə köçən hökumət iyunun 26-da Müsəlman Korpusunun Əlahiddə  Azərbaycan Korpusu adlandırılması haqqında qərar verdi. Beləliklə, Azərbaycan Milli Ordusunun təşkilinə başlanıldı”.

Tarix elmləri doktorunun sözlərinə görə, o dövrdə ordu quruculuğu böyük çətinliklərlə üz-üzə idi:

“Gənclər hərbi xidmətin mahiyyətini dərk etməkdə çətinlik çəkirdilər. Onlar arasında vətənpərvərlik ruhunda təbliğatın aparılmasına ehtiyac var idi. Orduya çağırılan əsgər kazarma həyatına öyrəşə bilmirdi. Fərarilik adi hal almışdı. Silah və sursat yox dərəcəsində idi.

Milli Ordu hissələri Bakını və Qarabağı düşmən qüvvələrindən təmizlədikdən sonra sırada Lənkəran dayanırdı. Hələ 1918-ci ilin avqustunda bu bölgə ilə heç bir əlaqəsi olmayan millətçi rus zabitləri molokan qiyamına başladılar. Ona görə də Azərbaycan Ordusunun qarşısında duran əsas məsələ bu bölgədə qiyamı yatıraraq Milli Hökumətin idarəçiliyinin bərpasına nail olmaq idi. Qiyamçıların qurudan və dənizdən hərtərəfli yardım almasına  baxmayaraq, 1919-cu ilin avqustunda düşmən darmadağın edildi, bölgədə əmin-amanılq bərpa olundu”.

Anar İsgəndərov erməni təcavüzünə qarşı mübarizədə Azərbaycan Ordusunun böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb:

“Qısa müddət ərzində Qarabağda ermənilərin pozuculuq fəaliyyətinə son qoyan milli ordu hissələri 1919-cu ilin avqustunda onları Azərbaycan idarəçiliyini qəbul etməyə məcbur etdilər. 1918-1920-ci illərdə Cümhuriyyətin ən uğurlu işlərindən biri Milli Ordu quruculuğu oldu. Qısa zaman kəsiyində 40 minlik bir ordunun yaradılması böyük siyasi-hərbi hadisə idi.

1939-1945-ci illər II Dünya müharibəsində milli Azərbaycan diviziyaları təşkil edildi. Bu diviziyaların faşizmə qarşı qəhrəmanlığı haqqında yüzlərlə əsər yazılıb. Bir sözlə, tarix boyu Azərbaycan əsgəri öz şərəfli adını ləyaqətlə qoruyub”.

Deputat əlavə edib ki, 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğu əsas məsələyə çevrilib:

“Düşmən havadarlarının gücündən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ordu quruculuğu sahəsində böyük işlər görüldü. Milli ordu hissələri ilk dəfə Horadiz əməliyyatında düşmənin layiqli cavabını verdi. Erməni işğalı ilə barışmayan Azərbaycan xalqı hər cür alçaldıcı razılaşmalardan imtina etdi.

Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu sonrakı dönəmdə Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmək üçün Vətən müharibəsinə başladı. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya bəyan etdi. Müharibənin qəhrəmanı Ali Baş Komandan və onun ölkəyə rəhbərliyi dönəmində yetişən Azərbaycan əsgəridir.

Bu gün güclü Azərbaycan dövləti və ordusu var. Bu ordu hər cür müasir silahla təchiz olunub. Məhz bu ordu İkinci Qarabağ müharibəsində tarixi torpaqlarımızı azad edərkən üç min şəhid verdi. Bu ordu xalqımızı qalib xalqa, vətənimizi qalib ölkəyə çevirdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra  Azərbaycan xalqı qalib əsgəri ilə öyünür, onun qəhrəmanlığı ilə fəxr edir.  Şanlı Azərbaycan əsgəri öz zəfəri ilə 26 iyun gününü qaliblərin bayramına çevirdi”.

Nəzrin Vahid

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir