Unudulmaz və dəhşətli təsadüf: “Anladım ki, daha Ukraynada heç kimlə tanış olmaq istəmirəm” – FOTO

Dünya


Mübariz Aslanov Ukraynadan yazır…

Müharibənin artıq ikinci ayı idi. 2022-ci ilin aprel ayı Xarkovda yağmurlu keçirdi. Sanki viran edilmiş şəhərin dağıntılarını, qırılan insanların qanını küçələrdən yuyurdu. Rusiya ordusu, demək olar ki, şəhərin özünü tam mühasirəyə almaq üzrə idi. Vilayətin əksər hissəsini işğal edən rusiyalılar şəhəri zəbt etməkdə israrlı idilər. Amma Ukrayna ordusunun buradakı bölmələri doğma Xarkovu əldən verməmək üçün bütün gücləri ilə vuruşurdular. Şəhərə yeganə salamat giriş Poltava yolu olduğu üçün Sumı şəhərindən buraya elə həmin yolla daxil ola bilmişdim. Daxil olmaq deyəndə, nəqliyyatın yoxa çıxdığı, artilleriya döyüşlərinin getdiyi bölgədə yolda iki saat gözləyəndən sonra haradansa peyda olan qara rəngli bir “Jeep” saxlayıb, məni götürdü. Hərbi geyimli, silahlı idi. Yolda tanış olduq – Sumı prokurorluğunda prokurordur, Xarkova gedir.

Dediyim kimi, tam mühasirə ərəfəsində olan Xarkov şəhərinin küçələri hər saat başı artilleriya zərbələri altında idi. Məni şəhərin girişində qarşılayan həmyerlilərim ani sakitlikdən istifadə edib, dərhal şəhərin ortasındakı Saltovka rayonunda yeganə ümidləri olan bir soydaşımızın evinə apardılar. Dedilər ki, gecələmək üçün buradan başqa uyğun yer yoxdur. Ev sahibi ailəsilə çoxdan Xarkovu tərk etmişdi. Elə məni gətirən həmyerlilərim də həmin gün şəhərdən çıxırdılar, Ukraynanın qərbinə doğru. Tək qalası oldum.

Tərslikdən, qonşu Severnaya Saltovka rayonu Rusiya ordusunun artıq cəmi iki kilometrlikdə gəlib dayanması səbəbindən hətta küçə döyüşləri meydanına çevrilmişdi. Elə yerlilərim məni yerləşdirib gedəndən az sonra, axşama doğru yenidən artilleriya zərbələri başladı. Mənə tapşırmışdılar ki, buradan uzaqlaşmayım və nə çəkiliş edirəmsə, bu həndəvərdə edim, səhəri də Kiyevə qayıdan könüllülərlə birgə qayıdım. Gecəni bu evin zirzəmisində keçirib, səhər tezdən yola çıxdım. Severnı Saltovkaya – daha yaxın döyüşlərin getdiyi, artıq tamam dağıldığı üçün “cəhənnəm rayonu” adlanan məkana yaxınlaşdım ki, vəziyyətin gərgin yerindən Baku TV üçün canlı bağlantıya çıxım.

Doğrusu, əvvəlcə elə qaldığım evin yanından efirə çıxmaq istəyirdim, sonra fikrimi dəyişib, daha qaynar bildiyim məkana yollandım. Hərbçilər, bir gün əvvəldən razılaşdığımız kimi, məni artıq raket zərbələrindən dağılmış keçmiş avtobus dayanacağında qarşıladılar. Xarkov şəhərinin vaxtilə gözəlliyi ilə seçilən Severnaya Saltovka rayonu indi hər saat minaatan mərmilərinin uçuşduğu əsl xarabalığı xatırladırdı. Rayonda cəmi yeddi-səkkiz sakin qalmışdı ki, onlar da yığışıb bir binanın zirzəmisində yaşayırdılar. Arada çıxıb, binalardan birinin qarşısında ocaq qalayıb, yemək hazırlayırdılar. Bütün rayon ərazisində kommunal xətlər darmadağın olmuşdu.

Küçələrin birində yerlə bir olmuş məhəllə bazarının ərazisindən canlı efirə çıxmışdım ki, qəflətən yaxın ərazilər Rusiya ordusunun minaatanlarından atəşə tutuldu. Amma canlı efirimizi kəsmədik…

O günün ən yaddaqalan hissəsi isə oradan işimi bitirəndən sonra qaldığım evə qayıdarkən rastlaşdığım mənzərə oldu: səhər tezdən mən buradan uzaqlaşan kimi evin qarşısı “Qrad” atəşinə tutulubmuş. Zərbələrdən həyət tamamən dağılmışdı. Həmin saatlarda mən buradan canlı efirə çıxmaq istəyirdim…

Evdə çox ləngiməyib, şəhərin mərkəzinə yollandım. Təsadüfən tapdığım taksilərlə, yaxud yoldan keçən hərbçi maşınlarının vasitəsilə hərəkət edirdim. Şəhərin mərkəzi vurulurdu. Atəş ara verən kimi çəkilişlər edirdim.

Axşama doğru Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov ilə görüşüb, qısa müsahibə almalıydım. Köməkçisi, müharibə dövrü qaydalarına görə, məkanı görüşə 20 dəqiqə qalmış bildirəcəyini dedi. Mərkəzdən uzaqlaşmayıb, gözlədim. Saat 19:30-da görüşdük, müsahibəni çəkdim, Sinequbovla sağollaşıb, ayrıldım. Elə o an da qəflətən xatırladım ki, saat 20:00-da komendant saatı başlayır və heç bir nəqliyyat olmayacaq. Tərs kimi telefonda enerji də bitdi. Şəhərin mərkəzində də hər yer bağlıdır. Hava həyəcanı siqnalları, yan küçələrə raket zərbələri intensivləşməyə başladı. Bilmədim harada gizlənim. Aprelin soyuğuna baxmayaraq, qan-tər içindəydim… Heç bir məkanın təhlükəsiz olmadığını anlayandan sonra, nə olar, olar düşüncəsilə prospektlə irəliləməyə başladım. Bu zaman yaxınlığa düşən raket zərbəsinin dalğası anidən məni götürüb səkinin üstünə çırpdı. Özümə gəlməyə başlayanda yaxınlıqda Ukrayna polis patrul maşını gördüm. İçindən tökülüşən polislər məni uzanıqlı görüb, ölmüş bildilər. Zorla səsimi çıxarıb, kömək istədim…

Polis maşınında özümə gələndə onlardan birinin azərbaycanlı olduğunu bildim. Daha doğrusu, mikrofonda “Baku TV” loqosunu görüb, özü Azərbaycan dilində tanışlıq verdi. Gürcüstan azərbaycanlısı, adı da Mahir idi. Ona qaldığım yeri deyib, oraya çatdırılmağımı xahiş etdim. Dedi ki, hazırda əməliyyata tələsirlər. Məni yaxınlıqdakı metro stansiyasına düşürüb (o ərəfədə Xarkovda bütün metro stansiyaları ancaq sığınacaq kimi istifadə olunurdu – M.A.), tapşırdı ki, burada olum, bir azdan “naryad” göndərəcək. Metroya düşüb, telefonumu sığınacaqdakı insanların yanında enerji yığmağa qoydum. Xeyli insan vardı, hər kəs evində əlinə keçənı buraya daşımışdı. Burada gecələyirdilər, raketlərdən qorunmaq üçün. 14-15 yaşlı bir oğlanın yanında oturdum. Vaxtı öldürmək üçün söhbətləşmək istədim. Adı Nikolaydır. Xarkov vilayətinin İzyum şəhərindəndir. Ora işğal olunan zaman Nikolay burada qohumlarıgildə olub, qayıda bilməyib. Təkcə anası İzyumda qalıb. Danışırdı ki, ilk “yaşıl dəhliz” açılan kimi anasının yanına getməyə tələsəcək. Özü də inamla bildirirdi ki, tezliklə İzyum işğaldan azad olunacaq və hətta mənə ünvanını verib, mütləq onlara gəlməyimi xahiş etdi. Azərbaycan ilə bağlı xüsusi məhəbbətlə danışırdı…

Az keçməmiş tanımadığım nömrədən zəng gəldi, bildirildi ki, Mahirin polis həmkarıdır, məni bayırda gözləyir. Nikolay ilə sağollaşıb, polislərlə qaldığım evə yollandım. Səhəri Kiyevə geri dönəcəkdim…

Aradan beş ay keçmişdi. Sentyabr ayı idi. Xarkov vilayəti işğaldan tamamilə azad edilmiş, Rusiya ilə sərhədə nəzarət tam bərpa olunmuşdu. Azad edilən İzyum şəhəri, orada aşkar olunan kütləvi qəbiristanlıq barədə eşitdiklərim oraya yollanmağımı zəruri etdi. Yenidən Xarkova gəlib, burada məni gözləyən hərbçilərlə birbaşa İzyuma yollandım. Etiraf edim ki, hər şeydən əvvəl Nikolayı görməyə tələsirdim. Hərbçilər maşını onun mənə verdiyi ünvana sürdülər. Bura mərkəzi meydana yaxın bir küçəydi. Küçədə, demək olar ki, salamat ev qalmamışdı. Soraqlaşıb, həyətdə Nikolayın anasını tapdım. Adı Svetlanadır. Gözü və qolu sarıqlı idi. Və eşitdiyim xəbər məni sarsıtdı:

“Nikolay iyunda yol tapıb, gəldi yanıma. Kaş gəlməyəydi. Şəhərimiz azad olunanda geri çəkilən ruslar buranı dağıda-dağıda çəkilirdilər. Bizim evimiz gecə səhərə yaxın vuruldu. Oğlumla (Nikolay ilə – M.A.) yatmışdıq. Zərbədən yuxudaca mən huşumu itirdim. Axşama yaxın xəstəxanada özümə gəldim. Ayılanda mənə dedilər ki, Nikolay ölüb, hətta dəfn ediblər. Oğlumu dəfn belə edə bilmədim…” – Svetlana birnəfəsə nəql etdi…

Az yaşımda dünyada az hadisə görməmişəm. Xüsusilə Ukraynada müharibə başlayandan. Amma ilk dəfə olaraq anladım ki, daha burada heç kimlə tanış olmaq istəmirəm, yenidən onu itirməmək üçün…

İzyumda qala bilməyib, səfəri yarımçıq qoyub, axşam geri döndüm…

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir