Plansız Azərbaycan klubları: Avrokuboklardan nə gözləmək olar? – TƏHLİL

Dünya


Azərbaycanı avrokuboklarda təmsil edəcək klublar hazırlıqlara digərlərindən erkən start veriblər.

resmixeber.az xatırladır ki, dünən son olaraq “Qəbələ” toplanışa başlayıb.

Düzdür, hələ qitəmiqyaslı yarışlara var. Komandalar məhz təlim-məşq toplanışından sonra formaya düşəcəklər.

Lakin yaranmış vəziyyət növbəti dəfə klubların plansızlığı probleminin qabarmasına səbəb olub. Bunu xüsusilə “Neftçi” və “Qəbələ”yə aid etmək olar.

Çempionlar Liqasında (ÇL) yarışacaq “Qarabağ” mübarizəyə daha erkən start verəcəyindən hazırlığa da daha tez başlayıb. Ağdam təmsilçisi artıq bir neçə gündür, Avstriyadadır. Komanda heyətin komplektləşdirilməsi işinə başlayıb. Yaxın günlərdə bir neçə transferin açıqlanması gözlənilir.

Bununla belə, “atlılar”la bağlı vəziyyət də idealdan uzaqdır. Komandanın çempion olacağı mövsümün başa çatmasına xeyli qalmış rəsmiləşmişdi. Bəzi oyunçuların, xüsusilə Ramil Şeydayevin gedəcəyi də bilinirdi. Üstəlik, Filip Ozobiçlə də yollar ayrılıb.

Ümumiyyətlə, keçən qış yaşanan ayrılıqlar komandanı zəiflədib. Xüsusən Kadi Borgesin gedişindən sonra “atlılar” xeyli əziyyət çəkiblər. Adama Diakabi və Yasin Benzia transferləri hələ ki effekt verməyib. Mütəxəssislər Redon Cicanın da özünü göstərməsi üçün vaxta ehtiyac duyduğu qənaətindədirlər.

Belədə, ÇL-də mübarizə aparacaq kollektivin heyətlə bağlı məsələlərin həllinə daha erkən start verməsi məqbul olardı. Hələlik yalnız “Zirə”dən Hamidu Keyta transfer edilib. Bir neçə oyunçunun yaxın günlərdə komandaya qoşulacağı gözlənilir. “Atlılar”ın bəxti onda gətirib ki, I təsnifat mərhələsində Cəbəllüttariq “Linkoln”u ilə üz-üzə gələcəklər. II təsnifat mərhələsindəki mümkün rəqib “Rakuv” (Polşa) ilk mərhələdə düşsəydi, məsələ daha qəliz olardı.

“Sabah”da da oxşar situasiyadır. Düzdür, komandanın “Qarabağ”a nisbətən daha çox vaxtı var. Amma ilk dəfə avrokuboklarda çıxış edəcəyini nəzərə alsaq, güclənmə mütləqdir.

Hələlik daha çox təmizlənmə işləri gedir. Abdullaye Ba və Zurab Oçiqava yola salınıblar. Əvəzində “Şamaxı”dan Rəhman Daşdəmirov transfer edilib. Ən böyük problem Aleksey Kaşukla bağlıdır. Hazırda Ukrayna U-21 millisinin düşərgəsində Avropa çempionatında olan vingerlə bağlı qeyri-müəyyən vəziyyət yaranıb. “Şaxtyor”un onu yenidən “Sabah”a icarəyə verəcəyi, saxlayacağı, yoxsa digər kluba satacağı aydın deyil. Ötən mövsüm komandanın liderlərindən olan futbolçu ilə bağlı vəziyyətin dəqiqləşməməsi “Sabah”a problem yaradır. Klub bilmir ki, ona alternativ axtarmalıdır, yoxsa planlarını məhz ukraynalının üzərində qurmalıdır.

“Sabah”la bağlı digər transfer xəbərləri də hələlik yoxdur. Lakin avrokubokda uğurlu olmaq hədəfi varsa, güclənmə mütləqdir. Burada yenidən plansızlıq sezilir və klubu qınamaq istəyənlərin kifayət qədər səhih arqumenti var: “Sabah”ın da qitəmiqyaslı yarışlarda iştirakı çoxdan dəqiqləşmişdi. Artıq bir çox sual cavabını tapmış olmalı idi.

“Neftçi”də vəziyyət daha pisdir. Komandadan gedənlər kifayət qədərdir, kapitan Emin Mahmudovun hansı qərarı verəcəyi hələ məlum deyil və s.

Üstəlik, komanda baş məşqçisizdir. Bir neçə günə “ağ-qaralar” Sankt-Peterburqdakı turnirdə iştirak etməli, hazırlığın əsas mərhələsini keçməlidirlər. Ancaq hələ komandanı kimin çalışdıracağı da bilinmir.

Laurentsiu Regekampfdan sonra Sergen Yalçının baş məşqçi təyin ediləcəyi gözlənilsə də, bu məsələdə sükut hökm sürür. Klubun özündə də proses narahatlıq doğurur. Bir neçə oyunçu ilə anlaşma olduğuna dair dəqiq məlumatlar var. Ancaq yekun qərarı yeni çalışdırıcı verməlidir. Bu məsələ dəqiqləşmədiyindən transferlərdə də son nöqtəni qoymaq mümkün deyil.

Ölkənin ən yaşlı klubunun belə plansız olması təəssüf doğurur. Regekampfla bağlı məsələnin kubokun finalından sonra dəqiqləşməsi baş məşqçi ilə bağlı naməlumluğun yaranmasını müəyyən qədər izah edir. Lakin hər bir halda alternativlər olmalı, qərar mümkün qədər tez verilməli idi.

Ən acınacaqlı durum “Qəbələ”dədir. Onsuz da komandanın bəxtinə digərləri ilə müqayisədə daha ciddi rəqib – Kipr “Omoniya”sı düşüb. Üstəlik, keçən mövsüm “qırmızı-qaralar”ın liderləri olan bir neçə vacib oyunçu gedib. Cəmi iki yeni oyunçu – Ahmed Ayzaya və Zurab Oçiqava – cəlb edilib.

Digər üç klubla müqayisədə “Qəbələ”dəki vəziyyəti anlamaq daha asandır. “Qarabağ”, “Sabah” və “Neftçi” maliyyə imkanlarına görə əyalət təmsilçisindən xeyli üstündürlər. “Qəbələ”dən gedişlər də daha çox maliyyə məsələləri ilə bağlıdır.

Dörd klubun hər birində kifayət qədər ciddi çatışmazlıqların olması avrokuboklar öncəsi bədbinliyə yol açır. Tezliklə problemlər həll edilməsə, uğursuz mövsüm qaçılmazdır. Bu hətta qitəmiqyaslı yarışlarda ən uğurlu klubumuz “Qarabağ” üçün də keçərlidir.

Faiq Tahirov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir