Sumqayıtda məktəb direktoru ilə bağlı İDDİA: “Növbəni dəyişmək üçün hər şagirddən 50 manat yığırlar”

Cəmiyyət


Sumqayıtda məktəb direktorunun şagirdlərdən pul yığdığı iddia edilir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, paylaşımdakı iddialara görə, Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəbin direktoru siniflərin ikinci növbədən birinci növbǝyǝ keçirilməsi üçün pul toplayır:

“Sinifdə hər şagirddən 50 AZN tələb edilir. Bir sinifdə 38 şagird olarsa, 1 900 manat rahatlıqla yığılır. Yeni nazir təyin olunanda sevindik ki, gənc kadr təhsilimizə yenilik gətirəcək. Çox təəssüf ki, məktəblərdə təhsil əvəzinə, şagirdlərə rüşvətxorluq öyrədilir. Uşağın məktəbə yerləşdirilməsindən tutmuş, bütün tədbirlərin keçirilməsinə qədər hər bir şey üçün rüşvət tələb olunur. Açıq bazardır. Hətta “WhatsApp” qrupları yaradılır və rüşvət yığılır”.

Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəbdən şikayətçi olan valideyn Cəmil Şeydayev resmixeber.az-a açıqlamasında deyib ki, övladının keyfiyyətli təhsil alması üçün əlindən gələni edir, lakin əsassız yerə heç kimə rüşvət vermək fikri yoxdur:

“Mənim övladım həmin məktəbin 4-cü sinfində oxuyur. Bu il 5-ci sinfə keçir. Valideynlər arasında qrup yaradıblar. Həmin qrupda paylaşıblar ki, siniflərin növbəsini dəyişdirmək istəyənlər hər şagird üçün 50 manat verməlidirlər. Əvvəlcə 35 manatdan razılaşmışdılar, sonra dedilər ki, yox, azdır. Valideynlərə deyirlər ki, yaxşı müəllimlərimizi birinci növbəyə keçirmişik. Kim ki pulu verəcək, onun uşağı birinci növbədə olan sinfə keçiriləcək. Kim ki pul verməyəcək, o uşaq ikinci növbədə olan siniflərdən birinə keçiriləcək. Valideynlərin bir qisminə uşağının səhər növbəsi məktəbə getməsi sərf edir, bir qisminə isə yox. Mənim üçün önəmli olan uşağımın normal təhsil almasıdır. Bu qədər olmaz axı, hər şey üçün pul istəyirlər. Uşaqlara deyirlər ki, gedin özünüzə sinif tapın.

Məktəb direktoru valideyn komitəsinin sədrinə deyir, o da valideynlərə. İndi gedib direktora desək ki, pul yığırsınız, deyəcək, yox. Mən bu məsələ ilə bağlı sosial şəbəkələrdə də paylaşım etmişəm. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələni görüb, araşdıracaqlar. Belə nə qədər davam edə bilər? Dövlət məktəbinə də pul verəcəyəmsə, elə uşağı çıxarıb özəl məktəblərdən birinə qoyaram, aylıq, illik də müəyyən məbləğ ödəməli olduğumu bilərəm”.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir