Həm o tayda, həm də bu tayda hər kəs İran hakimiyyətinin Azərbaycana qarşı fəaliyyətinin şahididir. Tehran rejiminin anti-Azərbaycan addımları elə uzaq keçmişdə baş verməyib. Çox uzağa getməyək, İranın elə 2023-cü ildə Azərbaycana qarşı davranışı bütün əlaqələri kəsməyə kifayət edərdi.
Bəzilərini yada salaq. Yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş – Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıb. Bu terror hücumundan 5 aya yaxın vaxt keçsə də, İran tərəfi rəsmi Bakının məsələ ilə bağlı tələblərinə hələ də əməl etməyib. Azərbaycanın tələbləri isə açıq və aydındır: Tehranın səfirliyə hücumunun terror olduğunu etiraf etməsi; fakt üzrə davam edən cinayət işinin istintaqına Azərbaycan tərəfinin də cəlb olunması; Azərbaycanın İran ərazisindəki diplomatik missiyasının və nümayəndəliklərinin yerləşdikləri binaların, əməkdaşlarının, diplomatlarının və yaşadıqları evlərin təhlükəsizliyinin təmin olunması və s. Ancaq İran rejimi bu terror hücumunu adi məişət hadisəsi kimi təqdim edir, istintaq da bu istiqamətdə aparılır.
Tehran rejimi şirnikləndirərək İranda ələ aldığı Azərbaycan vətəndaşlarından öz ölkəsinə qarşı istifadə edir. İranı İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qoşununun yaratdığı “Hüseyniyyun” qruplaşması Azərbaycan dövlətinin mövcudluğuna qarşı fəaliyyət göstərir. Azərbaycan tərəfi İran rejimindən iki ölkə arasında bu istiqamətdə imzalanmış müqaviləyə əməl etməyə çağırıb. Ancaq təəssüf ki, bu istiqamətdə də Tehran özünü görməzliyə, anlamazlığa vurur. Tehranın xüsusi xidmət oraqları İrana səfər edən Azərbaycan vətəndaşlarını müxtəlif bəhanələrlə öz maraqlarına işlətməyə çalışır. Başqa əcnəbilər kimi, onları da “İslam Respublikası”nın polisi və ya ETTELAAT-ı saxlayır. Bu yaxınlarda Almaniyada təhsil alan azərbaycanlı Fərid Səfərlinin İranda itkin düşməsi hadisəsini də ictimaiyyət yaxşı xatırladır. Uyğun qurumlar onun ölkədə olmadığını iddia edirdi, üç aydan sonra bəyan etdilər ki, Fərid Səfərli “casusluq” ittihamı ilə həbs olunub. Təkcə bu üç fakt İran hakimiyyətinin Azərbaycana qarşı münasibətinin xoş olmadığını sübut etməyə kifayət edər.
Tehran rejiminin qonşu müsəlman dövlətə qarşı düşmənçilik münasibəti rəsmi Bakını da cavab addımları atmağa, tədbirlər görməyə vadar edir. Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini minimuma endirib. “Hüseyniyyun”un fəaliyyəti ilə bağlı İrana xəbərdarlıq edib. 2023-cü il iyunun 23-dən isə rəsmi Bakı İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandıracaq. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Azərbaycana səfər edəcək İran vətəndaşları öncədən “ASAN viza” almalı və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etməlidirlər. Onun sözlərinə görə, iranlılar üçün sadə viza prosedurları Azərbaycanın ziyanına işləyir…
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Azərbaycanın bu addımını necə dəyərləndirirsiniz?” sualına cavabında deyib: “İranla Azərbaycan arasındakı münasibətlər ən aşağı səviyyəyə enib”.
Əslində, iki qonşu və müsəlman ölkə arasında münasibətlərin “ən aşağı səviyyədə” olmasının başlıca səbəbkarı İrandakı hakimiyyətdir. Onun qonşu dövlətə qarşı sözdə xoşrəftar, əməldə isə düşməncəsinə davranışından İran vətəndaşları əziyyət çəkirlər. Onların qonşu ölkəyə və qohumlarına baş çəkmək üçün səfərlərinə problem yaradır. Bundan başqa qeyd etmək lazımdır ki, Tehran hakimiyyətinin yürütdüyü siyasət də beynəlxalq miqyasda İran vətəndaşlarının etibardan düşməsinə də təsirsiz ötüşməyib. Bu rejim vətəndaşlarına qara yaxıb, onları tutur, həbs və edam edir, etiraz aksiyalarının qarşısını hərbi-polis qüvvələri ilə alır. Bununla o, dünya ictimaiyyətində iranlıların narkokuryer, pozucu, terrorçu kimi xoşagəlməz və bu ölkələrin vətəndaşlarına yaraşmayan obrazını yaradıb. Azərbaycan XİN-in öz vətəndaşlarına İrana səfər etməməyi məsləhət görüb. Fərid Səfərlinin başına gələnlər bu qərarın doğruluğunu təsdiqləyir. Xəbərdarlıq həm də İrandakı vəziyyəti qiymətləndirmək üçün də yetərli sayıla bilər. Vətəndaşlarına məhdudlaşdırıcı addımların atılmasının da məsuliyyətini rəsmi Tehran daşıyır. Ona görə də demək olar ki, bu rejimin mövcudluğu Azərbaycan və İran vətəndaşlarının ziyanınadır.
“resmixeber.az” İnformasiya Agentliyi
www.RESMIXEBER.az