Çex Respublikasının parlament nümayəndə heyəti Ağdamda səfərdə olub – YENİLƏNİB + FOTO

HƏRBİ


Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti Ağdama səfər edib.

Bu barədə Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Nümayəndə heyəti dağıntılar və ərazidə aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

 

15:57

Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik və Çex Respublikası Parlamentinin Deputatlar Palatasının üzvü Mixal Ratiborski işğaldan azad edilmiş Ağdamda erməni vandalizminin izləri, həmçinin aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. Onları Milli Məclisin deputatı Əliabbas Salahzadə müşayiət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən nümayəndə heyətinə Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.

Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-70-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandallar Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər. Qeyd edilib ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən Cümə məscidində bərpa-restavrasiya işlərinə başlanılıb.

Nümayəndə heyətinin üzvləri Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə bir etdikləri binaların qalıqlarına da baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Onlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Bildirilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandallar Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsində olan qonaqlara Ağdam şəhərinin Baş Planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti sonda Ağdam Konfrans Mərkəzi ilə tanış olub.

13:36

Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdama səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri ilə, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir