“Ermənistan özünün imzaladığı konvensiyanın əleyhinə çıxır, ekoloji terroru davam etdirir” – ŞƏRH + FOTO

Siyasət


“Ermənistanın Arazdəyəndə metallurgiya zavodu tikməsi, onların Azərbaycana qarşı növbəti təxribatıdır. Həm Azərbaycan, həm Ermənistan Finlandiyanın Espoo şəhərində imzalanan konvensiyaya qoşulub. Həmin konvensiyanın maddələrində xüsusi qeyd olunur ki, sərhəddə ekologiyaya ziyan verə biləcək tikinti işləri apararkən, müəssisə tikərkən qonşu dövlətin də rəyi alınmalıdır. Yəni əks halda bu zavodun inşası, işlərin aparılması mümkün deyil”.

Bu fikirləri resmixeber.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Komitə sədri vurğulayıb ki, ekoloji problemlər dövlətlərin daxili işi olmaqdan çıxaraq, artıq dünya ölkələrinin birgə fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir:

“Çünki hansısa dövlətin ekologiyaya vurduğu zərər, atmosferə göndərdiyi tullantılar təkcə öz havasını deyil, bütövlükdə Yerin ekoloji təhlükəsizliyinə vurulmuş zərbəyə çevrilir.

Bu yaxınlarda BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransı keçirildi. Burada və bundan öncə keçirilən konfranslarda Paris sazişində, Kioto sazişində, bu istiqamətdə keçirilən bütün tədbirlərdə dünyanı narahat edən iqlim dəyişmələri haqqında məlumat verilir, həyacan təbili çalınır. Bütün bunlar dünyamızı qorumaq üçündür. Ermənistan isə heç bir sərhəd tanımır, ekoloji terror davam etdirir. Bu sahədə özünün imzaladığı konvensiyanın əleyhinə çıxıb və regionun ekoloji təhlükəsizliyinə təhdid olmağa davam edir. Ermənistan BMT-nin qətnamələrinə də məhəl qoymayaraq, torpaqlarımızı işğal altında saxlayırdı. Normal dildə onları nə qədər başa salsaq da, BMT qətnamələrinin icrasını tələb etsək də, Ermənistana heç bir faydası olmadı. Nəticədə Azərbaycan hərbi güc tətbiq edərək, ərazilərini düşmən tapdağından azad etməyə məcbur oldu. İndi isə yenidən onlar öz bildiklərini edirlər, beynəlxalq hüququ ayaq altına alıblar. Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan tərəfinin rəyi alınmalıdır. Dövlət orqanları monitorinq aparıb, rəy verilməlidir. Bütün bu qaydaların pozulması konvensiyaların kağız üzərində qalması deməkdir. Əgər Ermənistan ratifikasiya etdiyi konvensiyalara əməl etməsə, yenidən Azərbaycanla üz-üzə gələcək, yenə məğlub olacaq”.

Sadiq Qurbanov onu da qeyd edib ki, Ermənistan bütün dünya ekologiyasına həmişə təhdid yaradıb:

“Metsamor”un hələ də orada olması elə bu faktlardan biridir. Bu dövlət, nəinki region, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə üçün təhlükədir, həm də özü üçün böyük bir təhdid mənbəyidir. Ermənistan hələ də birinci nəsil reaktorlardan istifadə edir. Halbuki dünya artıq dördüncü, beşinci nəsil reaktorlardan istifadəyə keçib. Türkiyə ilə sərhəddə yerləşən “Metsamor” faktiki təhlükə mənbəyidir. Statistik məlumatlara görə, Ermənistan ildə 350 milyon kub suyu zəhərləyir. Oxçuçayının və Araz çayının çirkləndirilməsi də onların “əl işi”dir. Əgər Ermənistan öhdəliklərinə əməl etməsə, ekoloji təhdidi davam etdirsə, Azərbaycanın, o cümlədən regionun ekologiyasına təhlükə törətməyə davam etsə, layiqli cavabını alacaq. Azərbaycan ermənilərin hansı dildən anladığını yaxşı bilir. Lazım gələrsə, sərhəddə ekoloji təhlükəsizliyi təmin etmək üçün də dövlətimiz hərəkətə keçəcək, lazımi addımlar atacaqdır”.

Qeyd edək ki, ABŞ-nin “GTB Steel” şirkəti Ermənistan ərazisində iri metallurgiya zavodu tikir. 70 milyon ABŞ dolları sərmayə qoyulmuş layihənin icrasına başlanılıb. Müəssisə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə inşa edilir. Böyük istehsal müəssisəsi kimi planlaşdırılan zavodun sahəsi 16 500 kvadratmetr olacaq. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Bu da kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir.

Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1 000 nəfərə çatacaq. Zavodu inşa edənlərin iddiasına görə, müəssisə Naxçıvanla sərhəddən cəmi 800 metr aralıda yerləşir. Müəssisənin transsərhəd bölgədə yerləşməsi isə ekoloji təhlükəsizliyə, regiona təhdid kimi dəyələndirilir.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir