Yunis Hüseynov: “Artıq Estoniya kimi yığmalar da bizə 3 xal gözü ilə baxırlar”

Dünya


“Artıq həmin ölkələr də bizə 3 xal gözü ilə baxırlar”.

Bunu “resmixeber.az”a açıqlamasında Futbolun İnkişafı Fondunun Himayəçilər Şurasının üzvü Yunis Hüseynov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Bakıda Estoniya ilə 1:1 hesablı heç-heçə etdiyi F qrupunun III tur oyunu barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis bildirib ki, bu cür yığmalara üstdən-aşağı baxmaq düzgün deyil:

“Estoniya, Latviya və Litva kimi ölkələr haqqında danışanda deyirik ki, bunlara qalib gələ bilərik. Bu zaman ortaya belə bir sual çıxır: Nəyə görə, hansı səbəblərdən biz bu yığmaları udmalıyıq? Həddindən artıq çoxmu futbolçumuz var, seçimi düz etmir, qalib gələ bilmirik? Görün, estonların neçə oyunçusu legioner həyatı yaşayır. Adı Estoniyadır, düşünürük ki, biz onları udmalıyıq. Amma rəqib futbolçuların harada oynadıqlarına baxmırıq. Yığma üzvlərinin əksəriyyəti legioner həyatı yaşayır. Bəs bizdə kim var? Olanımız budur. Gərək, reallıqla barışaq. Düzdür, mən də istəyirəm ki, milli komandamız qələbə qazansın. Lakin hazırda futbolçu qıtlığı var. Üstəlik, çempionat yeni bitib, yorğunluq hiss olunur. Bunlar da nəticəyə təsir edən amillərdir”.

“Karvan”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Keşlə” (indiki “Şamaxı” – red.) komandalarının sabiq baş məşqçisinin sözlərinə görə, bu gün bütün yığmalarda inkişaf gedir:

“Onlarda futbolçu yetişir, bizdə isə yox. Hər ölkənin yaxşı klublarda çıxış edən legionerləri var. Onlar da gəlib öz oyunları ilə milliyə xeyir verirlər. Az da olsa, bizim də keyfiyyətli futbolçularımız var. Amma işləmək lazımdır ki, yaxşı klublara getsinlər. Mən şəxsən Mahir Emreliyə çox inanırdım. Təəssüf ki, alınmadı. Gərək legioner həyatı yaşayanda da, qarşıya məqsəd qoyasan. Razıyam, o psixologiya məndə də var. Amma iş orasındadır ki, o vaxt biz harasa gedəndə bunu başa salan yox idi. Əksinə, deyirdilər ki, hara gedirsən, qal, burada oyna. Başımızı qatırdılar, heç yerə getmirdik. Amma biz indi öz futbolçularımıza izah edirik ki, legioner həyatı yaşamaq lazımdır. Bu zaman yığmamız da güclənəcək. Gərək ölkə xaricinə gedəndə də, işinə peşəkar yanaşasan. Orada elə şey yoxdur ki, getdinsə, daim start heyətində oynayacaqsan. Bunun üçün mübarizə aparmaq lazımdır. Rəqabətə öyrəşməliyik”.

Hüseynov milli komandada rəqabət olmadığını söyləyib:

“Əsas millinin U-21-lə yoxlama oyununu izlədim. Bizdə aşağıdan gələn oyunçu yoxdur. Bilirsiniz, bir yer üçün 2-3 futbolçu rəqabət aparmırsa, hər zaman arxayınlıq olur. Bunların hamısı faktdır. Rəqabət lazımdır. Hələ o vaxtdan deyirəm ki, I Divizionla əvəzedicilərin çempionatını ayırmaq lazımdır. İcraiyyə Komitəsinin son iclasında buna qərar verdilər. II Divizionun yaradılması da müsbət haldır. Artıq çempionatda stimul olacaq. Yaxşı futbolçular üzə çıxacaqlar”.

Təcrübəli mütəxəssis bir daha millini yerli məşqçinin çalışdırmalı olduğunu xatırladıb:

“Amma yenidən əcnəbi gətirəcəklərsə, onda de Byazinin qalıb işləməsini istəyirəm. Çünki elə-belə mütəxəssis deyil. Albaniya yığmasını AVRO-2016-nın final mərhələsinə çıxarıb. Yəni nəticə vermiş məşqçidir. Digər tərəfdən, artıq milli komandamızı tanıyır. Başqa əcnəbinin təyinatı vaxt itkisi olacaq”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir