Taksilərdən bezən sərnişinin qeydləri

Cəmiyyət


Qan Turalı yazır…

Taksilərlə bağlı məsələ son ayların ən çox müzakirə edilən mövzusudur. Bu məqsədlə bir-iki kəlam etmək yerinə düşərdi. 

Hamı taksilərdən şikayət edir. Dövlət qurumları da, müştərilər də, elə taksi sürücüləri də. Burda biz iqtisadiyyatın ən mühüm problemi ilə üzbəüz dayanırıq. Bir qisim iqtisadçılar tarixən belə hesab edib ki, sərbəst rəqabət mühiti yaratmaq lazımdır, dövlət heç nəyə müdaxilə etməsin. Bu iqtisadçıları liberal adlandırmaq olar. Sola meyilli olanlar isə iqtisadiyyatda dövlət inhisarçılığının əhəmiyyətini vurğulayıblar. Ancaq tarix keçdikcə bu iki zidd mövqe arasında ortaq məxrəc tapılır. 

Taksi məsələsində də vəziyyət bu cürdür. Bir tərəfdən bazada çoxlu şirkətlər və lap çox sayda taksilər var. Ancaq digər tərəfdən də dövlətin müəyyən qanunvericiliyi olmalı və özəl şirkətlər də bu qanunvericilik əsasında fəaliyyət göstərməlidirlər. 

Liberal iqtisadçıların atası olan Adam Smitin ölkəsi İngiltərədə taksi sürücü olmaq heç də çətin deyil. Bunun üçün sürücülüyə namizədlər “The Knowledge” adı verilən bir testdən keçməlidir. 1865-ci ildən tətbiq edilən bu testdən keçmək üçün sürücülər Londonun sayı 100 minə çatan küçə adları, iş yerləri, tarixi abidələr, bir sözlə Londonun hər tinini-bucağını tanımalıdırlar. 

2017-ci ildə London bələdiyyəsi “Uber” şirkətinin fəaliyyəti qadağan etdi, daha dəqiq desək, əvvəl verdiyi lisenziyanın vaxtını uzatmadı. Onlar öz qərarlarını şirkətin korporativ məsuliyyətdən uzaq olması ilə izah etdilər. Həm də yuxarıdakı test məsələsi də nəzərə alınmışdı. 

Bir sözlə, göründüyü kimi taksi sürücüləri üçün ən mühüm keyfiyyətlərdən biri şəhəri tanımaqdır. Ancaq bizdə bu vəziyyət necədir? Praktikada görürük ki, sürücülər nəinki Bakının 100 min küçəsini heç əsas prospektlərini də tanımırlar. “Neftçilər” prospekti ilə “Neftçilər” metrosunu qarışdıran onlarla taksi sürücüsü ilə şəxsən qarşılaşmışam. Bu məsələnin bir tərəfidir.

Digər bir məqam. “Uber” ABŞ-də fəaliyyətə başlayıb və “Uber”in əsas ideyası da əlavə qazanc yaratmaq olub. Yəni, insan hansısa bir işdə çalışır, əlavə vaxtı olur. Gün ərzində 2-3 saatla ifadə edilən bu əlavə vaxtda isə öz cibxərcliyini, gündəlik ehtiyaclarını qazanır.

Ancaq bizdə beynəlxalq şirkətlər əsas qazanc yeri kimi fəaliyyət göstərir. Hətta taksi sürücülərindən öyrəndiyimə görə şirkətin mobil tətbiqi ancaq 12 saat işlədiyi halda iki ayrı hesabla qeydiyyatdan keçib 16-18 saat işləyən sürücülər də az deyil. Başa düşürəm, ehtiyacdır, ancaq bu ehtiyac fonunda taksi xidmətindən keyfiyyət əldə etmək mümkünsüzdür. 

Digər tərəfdən, xidmət sektorunun da özünəməxsus qaydaları var. Bu sahədə çalışanlar xüsusilə nəzakətli, gülərüz olmalı, insanlarla mədəni davranmalıdırlar. Şəxsi avtomobilim olmadığı üçün yaxın dövrlərə qədər hər gün taksi xidmətindən istifadə edirdim. Ancaq sürücülərin kobud, nəzakətsiz münasibətindən yorulub ictimai nəqliyyatı seçməyə məcbur oldum. Misal üçün, bir dəfə planşetimdən bir az sonra deyəcəyim mühazirənin mətninə nəzər salmağa taksi sürücüsü faktiki olaraq imkan vermədi. Durmadan danışırdı və mən də heç cür fikrimi toplaya bilmirdim. Otuz dəqiqə ərzində heç 30 sözü belə oxumağı bacarmadım. 

Bəzi sürücülər bütün yol boyunca telefonla danışır. Əlbəttə, son dərəcə mədəni, ədəbli taksi sürücüləri də var. Ancaq ümumi fonda onlar çox az gözə dəyirlər (mən heç də sərnişinlərin hamısının İngiltərə kral sarayında tərbiyə aldığını da güman etmirəm).

Bir sözlə, taksi xidmətində qiymət kimi keyfiyyət də aşağıdır. Bu da normaldır, çünki bu qiymətə olan xidmətin keyfiyyətinin də bu səviyyədə olması təbiidir. Bir tərəfdən taksi sürücüləri də aşağı qiymətlərə etiraz edirlər, ancaq qiymətin aşağı olması ilə tələbin yüksək olması arasında güclü əlaqə var. 

Ancaq hər birimizin keyfiyyətli taksi xidməti almaq hüququmuz var. Bu hüququmuz isə hələ də təmin edilməyib. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir