2023-cü il iyunun 16-da Azərbaycan Respublikasının Ali Məhkəməsində “Mülki qanunvericiliyin vərəsəliklə bağlı müddəalarının tətbiqi təcrübəsində mövcud problemlər: mirasın qəbulu və mirasdan imtina institutları” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.
Tədbirdə Konstitusiya Məhkəməsi, Milli Məclis, Ədliyyə Nazirliyi, Notariat Palatası, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin nümayəndələri, Ali Məhkəmənin və apellyasiya instansiyası məhkəmələrinin mülki kollegiyalarının hakimləri, habelə Ali Məhkəmənin Elmi-məsləhət şurasının üzvləri iştirak ediblər.
Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxışında iştirakçıların diqqətinə mirasın qəbulu və mirasdan imtina institutları üzrə qüvvədə olan qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsində rast gəlinən problemlər, o cümlədən müvafiq təkmilləşdirmənin həyata keçirilməsi zərurəti ilə bağlı məsələləri çatdıraraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında nümayiş etdirilmiş hüquqi mövqelərin məhkəmə təcrübəsinə və vərəsəliyin rəsmiləşdirilməsində notariat orqanlarının fəaliyyətinə təsiri ilə bağlı mühüm məqamlara toxunub.
Sonra Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxış edərək, vərəsəliklə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarlarında, xüsusən “Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqelərə dair aydınlıq gətirib.
Ali Məhkəmənin Elmi-məsləhət şurasının üzvü Sərvər Süleymanlı, öz növbəsində “Vərəsəlik hüququnda qəbul institutu və onun mülki qanunvericilikdə tənzimlənməsi ilə bağlı mövcud problemlər” mövzusunda təqdimatla çıxış edərək, mövcud məhkəmə təcrübəsinin təkmilləşdirilməsi zərurəti ilə bağlı nəzəri məsələlərə toxunub.
Daha sonra tədbir müzakirələrlə davam etdirilib, müəyyən təkliflər səsləndirilib.
www.RESMIXEBER.az