Bakı və Ankara oxları eyni hədəfə vurur – “Kaspi”nin ŞƏRHİ + FOTO

Siyasət


Prezident İlham Əliyevin dəvəti ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri Şuşa Bəyannaməsinin növbəti ildönümünə təsadüf edib. Ərdoğan hər iki ölkənin Şuşa Bəyannaməsinin müddəalarının bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlı olduğunu və bu məsələdə güzəştə getməyəcəklərini vurğulayıb.

Növbəti dəfə Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk səfərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana edib.

Bu səfər 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsinin ildönümünə təsadüf edib. Bu o anlama gəlir ki, Ərdoğanın Bakı səfəri həm simvolik olaraq, həm də praktiki əhəmiyyət sferasında digər regional güclərə xəbərdarlıqları özündə cəmləşdirir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Sitatlardakı xəbərdarlıqlar

Əliyev Ərdoğanla mətbuata birgə bəyanatda həmin mövzuya bu sitatla vurğu etdi:

“İki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi”.

Ərdoğan isə Azərbaycanla Türkiyənin Şuşa Bəyannaməsinin müddəalarının bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlı olduqlarını və bu məsələdə güzəştə getməyəcəklərini vurğuladı.

Ərdoğanın artıq keçmişdə qalan Minsk Qrupunun Qarabağ münaqişəsi zamanındakı “fəaliyyət”inə diqqət çəkərək Azərbaycanın hərb gücü ilə torpaqlarını işğaldan azad etməsini vurğulaması adi bir xatırlatma deyildi. Çünki Ərdoğan yuxarıda qeyd olunan sitatı ilə perspektivdə Azərbaycanla Türkiyənin regionda sülh olmasa, ata biləcəyi genişmiqyaslı birgə addımlara işarə verir.

Ərdoğanın Azərbaycanla Türkiyənin bir-birinə qarşılıqlı strateji dəstəyi fonunda qeyd etdiyi – “Xüsusilə səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə bir mesajdır. Buna görə mən də eyni qaydada xanımımla birlikdə bu səfərə gəlmişəm”, – deməsi qlobal oyunlarda yer alan güclərə xəbərdarlıq motivindədir.

Türkiyə qlobal nüfuzunu artırır

Ərdoğan növbəti prezidentliyi dövründə mürəkkəbləşən qlobal sistemdəki çaxnaşmalar səbəbi ilə Türkiyənin Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz, Avropa, Afrikadakı profilini yüksəliş dövrünə qaldırmağı hədəfləyir.

Təbii ki, Türkiyənin qlobal xəritədəki geniş zolaqları əhatə edən maraqları Ankaranın rəqiblərinin gözünə tikan kimi batır. Qlobal siyasəti silkələyən təhlükəli dövrdə Türkiyə iqtisadiyyatını, diplomatik təcrübəsini, hərbi gücünü strateji müttəfiqi Azərbaycanla uyğunlaşdırıb, yaranacaq mexanizmləri Rusiya-NATO gərginliyindən doğan regional narahatlıqlar önündə sipər etmək niyyətindədir.

Türkiyənin yaratdığı mühit Azərbaycan üçün strateji əhəmiyyətə malikdir, ancaq iki ölkə Ərdoğanın Əliyevlə mətbuata birgə bəyanatında qeyd etdiyi kimi, bir sıra addımlar da atmalıdır.

Zəngəzur dəhlizi və Qələbə

Bu, enerji sahəsindəki əməkdaşlıqda açıq qalan məsələlərdən tutmuş, hərbi sahədəki bir sıra mühüm aspektləri özündə ehtiva edən çağırışdır. Beləliklə, Azərbaycanla Türkiyə strateji müttəfiqlik qaydalarına əsaslanan regional nizam formalaşdırmaq yolunda addımlayırlar.

Bakı-Ankara ikilisi kənardan olan xəbərdarlıqlara, qısqanc reaksiyalara baxmayaraq “istənilən addımları atacağıq” kriteriyalarına cavab verir və bu birgə iradə onlarla rəqabət aparan tərəflərə qarşı effektiv mübarizə formalaşdırır.

Mübarizənin şiddət və səmərəliliyini artırmaqdan ötrü Azərbaycanla Türkiyə bir-birilərinin dövlət maraqlarını regionda və qlobal tədarük zəncirlərində həlledici amillərdən biri hesab edilən Zəngəzur dəhlizi layihəsinə fokuslayırlar.

Əliyevlə Ərdoğanın danışıqlarından görünür ki, Zəngəzur dəhlizi məsələsi çox vacibdir.

Zəngəzur dəhlizi üzrə Ermənistanın tutduğu mövqe regional gərginliyin həllinə maneə yaradır və bunu böyük güclərin əlində alətə çevirir.

İlham Əliyev “Zəngəzur dəhlizinin açılması qaçılmazdır” deməsi və Türkiyə Prezidentinin onu dəstəkləyən bəyanatı gələcək hadisələrə hazırlıq kimi qiymətləndirilə bilər.

Müdafiə sənayesində birgə təsisatlar yaradılacaq

Müdafiə qüdrətinin artırılması qarşıda dayanan vəzifədir və təhlükəsizlik narahatlıqlarına qarşı immunitet formalaşdıran vacib amildir. Buna görə də Azərbaycanla Türkiyə müdafiə sənayesində birgə təsisatlar yaratmaq planlarını irəli aparacaqlar. Bu xətt nəinki Cənubi Qafqazdakı müştərək maraqlara, eləcə də Türkiyənin genişlənmə arealına müsbət təsir göstərir.

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki cızılacaq xətlər isə Azərbaycanla Türkiyənin qlobal sistemdəki yerini bərkidəcək. Məlum xətt Qərb, Rusiya, Çin arasındakı çəkişmələrin poliqonunda qərar tutduğundan gələcəkdə TDT üzrə vahid hərbi doktrina da hazırlana bilər.

Vahid yanaşmalar institutlaşma tələb edir, Azərbaycanla Türkiyə bu institutlaşmanı həyata keçirir. Türkiyə-Azərbaycan birgə Universitetinin yaradılması haqqında qərar institutlaşma prosesinə əlavə stimul olacaq və vahid kadr hazırlığı proqramının tərtibinə gətirib çıxaracaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir