Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Simpoziumun təntənəli açılış mərasimi keçirilib.
“resmixeber.az” xəbər verir ki, açılış mərasimində Azərbaycanın səhiyyə qurumlarının rəhbərləri, nazirlər, xaricdə yaşayan və çalışan həkimlər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, tanınmış həkimlər, özəl və dövlət tibb müəssisələrinin direktorları və digərləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan simpoziumda ümummilli lider Heydər Əliyevin səhiyyənin inkişafındakı roluna həsr edilən filmin nümayişi olub.
Azərbaycan Prezidenti İlham Əliyev Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.
Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev belə böyük miqyaslı tədbirin keçirilməsinin və müstəqil Azərbaycan səhiyyəsinin memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının önəmini vurğulayıb:
“17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən Azərbaycanın tibb ictimaiyyətinə şəxsən ulu öndər Heydər Əliyevin hədiyyəsidir. Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun gündəliyi də həm elmi, həm də mədəni baxımdan zəngindir”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırdığını, vətəndaşların səhiyyə sistemindən məmnunluq səviyyəsini artırdığını söyləyib. Həmçinin o, belə genişmiqyaslı tədbirlərin Azərbaycanda tibbin inkişafına töhfə olduğunu deyib:
“Çox yaxşı olardı ki, xaricdən gələn həkimlərimiz Azərbaycandakı həmkarları ilə mütəmadi əlaqədə olsunlar, əməkdaşlıq etsinlər. Hesab edirəm ki, inkişaf etmiş ölkələrin səhiyyə praktikasını Azərbaycanda tətbiq etmək, tibbin ən son yenilikləri, müayinə və müalicə metodları haqqında məlumatları həmkarları ilə bölüşmək faydalı olar”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək son illərdə tibb sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib.
Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində, Vətən müharibəsində və günümüzdə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətin yüksək səviyyədə qurulması ilə bağlı çıxış edib:
“Bu gün tibb sahəsində dünyada gedən sürətli inkişafla ayaqlaşmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılması prioritet təşkil edir. TƏBİB insan kapitalının mütəmadi inkişaf etdirilməsinə və yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasına böyük diqqət yetirir. Yüksək keyfiyyətli tibbi xidmətlərin təşkili ilk növbədə peşəkar mütəxəssislərin səmərəli fəaliyyəti ilə bağlıdır. Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 084 nəfər əməkdaş çalışmaqdadır. Onlardan 53 389 nəfəri tibb heyətidir. Onu da qeyd edim ki, 2022-ci il üzrə TƏBİB-in tabeli tibb müəssisələrinə 12 379 nəfər işçi, 2023-cü ilin bugünkü gününədək isə 3 500 nəfərdən çox işçi qəbul edilib.
Hazırda xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu da aparılmaqdadır. Həm regionlarda, həm də mərkəzdə yerləşən tibb müəssisələrimizdə 60 nəfərdən çox xaricdə təhsil alan azərbaycanlı həkimlərimiz işlə təmin olunub. Bu tendensiyanı gələcəkdə də davam etdirməyi düşünürük. Biz peşəkar həkimlərimizi Vətəndə, tibb mərkəzlərimizdə görməyə hər zaman şad olarıq”.
Simpoziumda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, elm və təhsil naziri Emin Əmrullayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək dünyanın müxtəlif ölkələrində çalışan həkimlərlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən həkimləri bir araya gətirən belə böyük miqyaslı bir tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.
Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, cərrah-onkoloq Vüqar Yaqublu isə çıxışında Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlardan məmnunluğunu dilə gətirərək, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi imkanı qazandıqlarından məmnunluğunu ifadə edib.
İstanbul Liv Hospitalının Beynəlxalq Xəstə xidmətləri qrupunun həkimi Tural Xaspolad isə çıxışında dünyada tibb sahəsində gedən müasir yanaşmalar və tendensiyaların təqdim olunduğu simpoziumun iştirakçısı olduğu üçün TƏBİB-ə təşəkkürünü bildirib.
Açılış mərasimi daha sonra bədii hissə ilə davam edib.
Xatırladaq ki, Simpoziumun keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.
Simpoziumda dünyanın 13 ölkəsində – Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edirlər.
Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu iyunun 22-də öz işini yekunlaşdıracaq.
12:30
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.
resmixeber.az-ın xəbərinə görə “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən simpozium Bakıda, Heydər Əliyev Mərkəzində keçirilir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ulu öndərin səhiyyə quruculuğuna diqqət və qayğısından bəhs edən film nümayiş olunub.
Qeyd edək ki, simpozium dünyanın müxtəlif ölkələrində (Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Ukrayna, Gürcüstan, Rumıniya və s.) fəaliyyət göstərən azərbaycanlı həkimləri bir araya gətirib.
Simpoziumda TƏBİB-in Müşahidə Şurasının sədri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, digər dövlət qurumlarının rəhbər şəxsləri və başqaları iştirak edirlər.
Daha çox foto burada: PhotoStock.az
Aysel Aslan
www.RESMIXEBER.az