Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan BMW markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Hacıqabul rayon sakini Rahil Almazovun həmin avtomobili etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etməsi müəyyən olunub. Bundan əlavə, onun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından R.Almazovun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və müayinənin nəticəsinə əsasən, narkotik maddə və eynitərkibli həblər istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Almazov 20 gün müddətinə inzibati qaydada həbs olunub.
www.RESMIXEBER.az