Suriyadan ABŞ-nin qovulmaq planı – TƏHLİL

HƏRBİ


İran başıbəlalı Suriyanın şərqində hərbi bazalar yaradır. Bu, Suriyadakı münaqişədə iştirak edən İranın nüfuz dairəsi üzrə silah nəqlini və kritik nəqliyyat marşrutu boyunca möhkəmlənməsini asanlaşdıra bilər.

İranın Suriya üzrə siyasətini sazlamaq cəhdləri Tehranın Deyr-əz-Zor vilayətində hərbi infrastruktur qurulması üzrə daha böyük səylərinin bir hissəsi kimi anlaşılır.

Suriyadakı hərəkətliliyin qlobal səbəblərinə gəlincə, bu, ABŞ-nin Yaxın Şərq siyasətində zəif bənd vəziyyətinə düşməsi, Çinin siyasi-iqtisadi təsirlərini artırması və “sülh”ün açarına çevrilməsi fonunda aydınlaşır.

Çin İranla Səudiyyə Ərəbistanı arasında ikitərəfli mübahisələri həll etmək məqsədilə tərtib etdiyi razılaşma sənədinə imza atdırmağı bacardıqdan sonra Suriya Prezidenti Bəşər Əsəd Pekinin təşəbbüsündən faydalanmağı hədəfləyir.

Tehranla Ər-Riyad arasındakı diplomatik münasibətlərin bərpasına dair razılıqdan sonra Səudiyyə Ərəbistanı Suriya ilə diplomatik əlaqələrin bərpa olunduğunu elan etdi, ardınca baş verən proseslər isə Bəşər Əsədi hədəf taxtasından endirərək iddialı siyasi səhnəyə aparır.

Çinin Yaxın Şərqdəki rolu Suriya-Səudiyyə Ərəbistanı, Tehran-Ər-Riyad gərginliklərini soyudan açar olaraq qalır. Ərəb Liqasının Bəşər Əsədi qucaqlaması Rusiya və İrana da şərait yaradır ki, Yaxın Şərqin yenidən nizamlanması mübarizəsinə qoşulsunlar.

Çinin mühüm oyunçu kimi ortaya çıxması həm özünə, həm də Rusiya-İran ikilisinə regionu ABŞ hegemonluğundan uzaqlaşdırmaq fürsətləri tanıyır.

Bunun üçün ABŞ-nin Suriyadakı mövcudiyyət dairəsi ya kiçilməli, ya da Əfqanıstan nümunəsində olduğu kimi, tarixin arxivində qalmalıdır.

İranla Rusiya rəsmiləri ABŞ-nin Suriyadan “qovulması”nı müzakirə etmək üçün görüşürlər, hərçənd, Moskva Ukraynadakı hərbi kampaniya səbəbilə Tehrana bütün məsələlərdə dəstək göstərmir.

Çünki Rusiya Suriya cəbhəsində ABŞ qüvvələri ilə toqquşmadan qaçmaqla İranın hücum planlarındakı rolunu aktiv fəaliyyət fazasına keçirmək niyyətində olmadığını göstərir.

Rusiyanın mümkün dəstəkləri informasiya əməliyyatları, ABŞ-nin Suriyadakı mövcudluğunu pisləyən bəyanatlar və Moskvanın İrana ötürdüyü kəşfiyyat məlumatları ilə məhdudlaşa bilər.

Məntiqlə, Rusiya İranı qabağa verməklə ABŞ-nin sıxışdırılması arzularına çatmaq istəyir, belə demək mümkündürsə, Moskva Tehrandan proksi qüvvə kimi istifadə etməyə çalışır.

Beləliklə, Rusiya İrana birbaşa dəstəklərdən qaçaraq ABŞ ilə gərginlik risklərini azaltmağa çalışır, çünki indiki həssas məqamda Moskva Yaxın Şərqdə də itkilərlə üzləşməkdən sığortalanmayıb.

İranın ABŞ-yə həmlə cəhdləri Türkiyəni geniş strategiya üzərində işləməyə vadar edir.

Hazırda ABŞ-nin mövcudiyyət zonasına daxil olan ərazilərdə terrorçu PKK təşkilatına bağlı qruplar qalxan kimi istifadə olunur, əgər İran həmin nüfuz dairəsinə girməyi bacarsa, Türkiyənin də PKK-ya qarşı mübarizəsində növbəti mərhələ başlana bilər.

Ancaq İran ABŞ-ni bölgədən qovmaq planını Türkiyənin maraqlarına xidmət edən müstəvidə deyil, özünün genişlənmək prioritetlərinə uyğun olaraq tərtib edir.

İnanmaq olmaz ki, İran ABŞ-ni regiondan çıxarmağa nail olsun, amma Çinin yüksələn profili ilə səbəb-nəticə əlaqələri qurulanda Vaşinqton üçün üfüqdə strateji zədələr görünür.

Bəşər Əsəd ABŞ-nin dəstəklədiyi kürd qruplaşmalarının nəzarətində olan şərq vilayətlərini geri almağa imkan verəcək məqsədləri Çin təqvimi ilə tutuşdurmağa davam edəcək.

Hadisələrin və planların proqnozlaşdırılabilən xüsusiyyətləri bunu deməyə imkan verir ki:

– Suriya cəbhəsində közün üzərinə benzin töküləcək;

– İran məqsədlərinə çatsa, Rusiya bunu ABŞ ilə danışıqlarda Ukraynaya qarşı müqavimətinin predmetində “alver mövzusu”na çevirəcək;

– Türkiyə PKK-ya qarşı mübarizə oxunun uclarını itiləyəcək;

– Çin regional gərginliyi özünün “sülh göyərçini” obrazı ilə yatırmağa çalışacaq.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir