Qərbi Azərbaycan Xronikası: “Kişi paltarı geyindi ki, ermənilər onu qadın kimi öldürməsinlər” – VİDEO

Siyasət


Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Erməni zülmündən kişi paltarı geyinərək qurtulan qadın” altbaşlıqlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Pəmbək mahalının Hamamlı (indiki Spitak) rayonunun Saral kənd sakini Şəmsiyyə Mustafayevanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və gənclik illərinin o kənddə keçdiyini bildirib, yaddaşında qalan epizodlar, sevindirici və kədərli hallardan söz açıb: “Atam həmişə bizə oxumağı öyrədirdi, oxumağa meyliliyi  təbliğ edirdi və həmişə sözarası deyirdi ki, siz hələ bu ermənilərin iç üzünü görməmisiniz. Ona görə siz mütləq oxumalısınız və oxuyandan sonra siz onların bizə qarşı olan hislərini duya bilərsiniz. İllər keçdikcə mən böyüdüm, Bakı Dövlət Universitetini bitirdim, orada, öz kəndimizdə kitabxanada müdir işləyirdim və ermənilərlə əlaqəm olurdu. Bu zaman doğrudan da onların bizə tam fərqli, həmişə bizi aşağılamağını, həmişə bizə qarşı ikili xarakter daşımaqlarının şahidi olurdum”.

Ş.Mustafayeva özünün başına gələn hadisələrdən, ermənilərin azərbaycanlılara qarşı nifrətindən bəhs edib: “Avtobuslarda həmişə bizə qarşı ikrah hissi yaranırdı. Ermənilər əyləşəndən sonra axırda bizə yer verirdilər. Dükanlarda, mağazalarda çətin tapılan malları ermənilər almayanadək bizə heç nə vermirdilər. Türkləri orada 2-ci, 3-cü dərəcəli adam kimi sayırdılar. 1988-ci ildə orada işləyirdim. Hadisələr baş verəndə zəlzələ oldu. Mən kişi paltarı geyinirdim ki, erməninin əlinə keçəndə məni qadın kimi öldürməsinlər. Mən kişi kimi ölüm, arxadan vursunlar”.

Saral sakini kövrələrək orada əzizlərinin uyuduğunu, qayıtmaq şansı olsa, ora birinci gedəcəyini söyləyib: “Orada bizim ocağımız var. Armud ocağı deyilən bir ocağımız var. Əgər getsəm, mən orda dizin-dizin sürünərəm”.

Onun sözlərinə görə, 2023-cü ilin mart ayında Qayıdış Konsepsiyasının qəbul olunması hamımızı sevindirdi: “Mənim üçün bu konsepsiyanın yaranması mənəvi cəhətdən, ruhən dincəlməyimə səbəb oldu. Yəni biz öz dədə-baba torpaqlarımıza qayıtmaq şansını belə hesab edirəm ki, bir addım irəli atmış olduq.  Belə ümid edirik ki, biz öz yurdumuza qayıdacağıq. Bu sözü mən dedikcə nə qədər niskilli olsam da, gözlərim gülür və həmişə sevinc içində yaşayıram”.

Şair təbiətli Ş.Mustafayeva Vətən həsrətini yazdığı şerlə ifadə edib:

Nalə qopdu, neçə qızdan-qadından,
Biz də daddıq ayrılığın dadından,
Heç çıxarmı hər bir kəsin yadından,
Fikrim, xəyalım yenə Saralı gəzir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir