İyunun 23-də Portlenddəki (ABŞ) Oreqon Müasir İncəsənət Mərkəzində Azərbaycanın əməkdar mədəniyyət işçisi və rəssam Sürəyya Muğanlının “İlkinliyin itməyən işığı” adlı fərdi sərgisi açılacaq.
Sərginin kuratorları “Ta(r)dino 6” art-platformasının həmtəsisçiləri Əsli Səmədova və Azad Asifoviçdir.
resmixeber.az bildirir ki, Ə.Səmədovanın sözlərinə görə, rəssamın xaricdə ilk fərdi sərgisini keçirmək ideyası ötən ilin payızında ABŞ-də “CEC ArtsLink International Fellowships” rezidenturasında olarkən yaranıb.
“Mən Portlend, Los-Anceles, Vaşinqton və Nyu-Yorkda bir çox müasir incəsənət institutlarında olmuşam və həmyerlilərimin əsərlərini amerikalı həmkarlarıma təqdim etmək imkanım olub. ABŞ-də əsasən Portlenddə qalmışam və burada Müasir İncəsənət İnstitutunda (PICA) təcrübə keçmişəm. Bundan əlavə, 2022-ci ilin oktyabr ayında Oreqon Müasir İncəsənət Mərkəzindən olan amerikalı həmkarlarım mənim mühazirəmi və “The Success Story of Remaining Invisible: Two Truths and One Lie” adlı Azərbaycan rəssamlarının üç nəslin nümayəndələrin iştirakı ilə eksperimental sənədli filmin nümayişini təşkil ediblər. Film məşhur “team building” oyununa əsaslanır. O, dərhal cavablar vermir və real və uydurma hekayələr arasındakı sərhədi silir. Bu filmin qəhrəmanlarından biri də Sürəyya Muğanlı olub”, – deyə kurator bildirib.
Əsli Səmədova qeyd edib ki, sənətkarın özünəməxsus həyat hekayəsi və səmimiliyi dərhal yerli tamaşaçıların diqqətini cəlb edib. 2022-ci ilin sentyabrında Drezdendə də bu film “Ta(r)dino 6”nın bir digər beynəlxalq layihəsi çərçivəsində “Məclisi-Üns” (150 il əvvəl yaradılmış Xurşidbanu Natəvanın məşhur ədəbi salonu – red.) adlı, Azərbaycan və alman rəssamlarının birgə sərgisində Almaniya ictimaiyyətinə nümayiş etdiriləndə də eyni hadisə baş verib.
Sürəyya Muğanlının hekayəsi doğrudan da heç kəsi biganə qoya bilməz. Axı o, Azərbaycanın Saatlı rayonunda doğulub yaşayan, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əsasını qoyan və idarə edən, psixodelik aspektli introspektiv qrafika əsərləri yaradan rəssamdır. Sürəyyanın əsərlərində Cənubi Qafqaz mifologiyasına istinadlar, Asiya və Cənubi Amerikanın bütpərəst inanclarından ilhamlanan vizual sitatlar var.
“Oregon Contemporary” – Oreqon ştatının Portlend şəhərində yerləşən incəsənətə, cəmiyyətə və müasir incəsənətin eksponensial imkanlarına həsr olunmuş sərgi məkanıdır. 2005-ci ildən qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçmiş “Oregon Contemporary” incəsənət proqramlarını idarə edir və Portlend Biennalesinə ev sahibliyi göstərir.
“Əslində, belə məkanlarda tədbirlər çox qabağa planlaşdırılır, amma xoşbəxtlikdən iyun ayında kiçik bir “pəncərə” yarandı. Nümayəndələr bu gözəl xəbəri mənimlə bölüşəndə kimin fərdi sərgisini təşkil etmək istədiyimə şübhəm yox idi”, – deyə Ə.Səmədova bildirib.
“Ta(r)dino 6” 2024-cü ildə İçərişəhərdəki məkanında Sürəyya Muğanlının fərdi retrospektiv sərgisini açmağı planlaşdırır.
“İndi biz fəal şəkildə maliyyə axtarışındayıq və ümid edirik ki, Sürəyya Muğanlının yaradıcılığına olan böyük kütlənin marağı və xaricdə ilk fərdi sərgisi kimi əlamətdar hadisə Azərbaycandakı layihəmizə diqqəti cəlb edəcək”, – deyə kurator yekunlaşdırıb.
Qeyd edək ki, 2019-cu il fevralın 1-də yaradılmış “Ta(r)dino 6” art-platforması beynəlxalq əhatəli Bakı təşəbbüsüdür. 2021-ci ildə platforma QHT statusu alıb. Fəaliyyət göstərdiyi dörd il ərzində platforma İtaliya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, Ukrayna və ABŞ-də uğurla tədbirlər keçirib.
www.RESMIXEBER.az