Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının birinci mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, 100-dən artıq velosipedçinin qatıldığı mübarizəyə Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start verilib. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçiblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda bolqarıstanlı Martin Papanov bütün rəqiblərini qabaqlayaraq birinci olub. İtaliya təmsilçisi Ansalone Emanuele yarışı ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü pillədə başa vurublar.
Yarışdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
09:24
Azərbaycan Velosiped Federasiyasının (AVF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başlayacaq.
resmixeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə Veloparkda start veriləcək.
Velosipedçilər ilk mərhələdə Lökbatan dairəsindən, Bakı Kənar Dairəvi yoldan və Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün stasionar postundan Bakı-Şamaxı-Yevlax avtomobil yoluna keçərək birinci tura Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil” hotel kompleksinin qarşısında yekun vuracaqlar.
Qeyd edək ki, iyunun 11-dək davam edəcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.
www.RESMIXEBER.az