Rusiyanın Ukraynada davam edən hərbi əməliyyatları nəticəsində yeni faciə yaşanıb: iyunun 6-da Kaxovka su elektrik stansiyasının bəndlərindən biri partladılıb.
Ukrayna faciəni törətməkdə Rusiyanı, qarşı tərəf isə rəsmi Kiyevi ittiham edir. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel isə birmənalı şəkildə partlayışa görə məsuliyyəti Rusiyanın daşıdığını bildirib. ABŞ və başqa ölkələrin uyğun qurumları partlayışla bağlı araşdırmanı davam etdirirlər.
Beynəlxalq ictimaiyyət SES-in partladılmasını ekoloji faciə də adlandırıb.
Məlumatlara əsasən, partlayış nəticəsində 7 insan itkin düşüb, minlərlə vəhşi heyvan tələf olub. Neçə-neçə yaşayış binası və sosial obyektlərin dağıldığı da istisna olunmur.
BMT baş katibinin humanitar yardım və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits deyib ki, bu, Rusiya Ukraynada müharibəyə başlayandan sonra dağıdılan ən əhəmiyyətli mülki obyektdir. O əlavə edib ki, baş verənlər kənd təsərrüfatına və ərzaq istehsalına təsir edəcək:
“Bəndin dağılması onsuz da müharibədən əziyyət çəkənlər üçün həyatı dözülməz dərəcədə çətinləşdirəcək”.
Mütəxəssislər partlayış nəticəsində əmələ gələn selin minaları başqa ərazilərə aparacağından da ehtiyat edirlər.
BMT-nin baş katibi Antonio Quterreş narahatlığını belə bildirib:
“Bu fəlakətə səbəb Rusiyanın Ukraynaya təcavüzüdür”.
Heç şübhəsiz faciənin miqyası böyükdür. Oxşar durumla Azərbaycan da üzləşib. Azərbaycan torpaqları işğal altında olan zaman Ermənistan Azərbaycanın Mingəçevir su elektrik stansiyasını, Sərsəng su anbarını partladacağı ilə hədələyir, şantaj edirdi. Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan, yaxud seperatçıların qanunsuz silahlı dəstələrinin başçısı olmuş Levon Mnatsakanyan Azərbaycanı “Mingəçevirin vurulması” ilə də hədələmişdilər.
Qanunsuz silahlı dəstənin başçısı bildirirdi ki, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.
Ermənilər dəfələrlə Azərbaycanı Mingəçevir, Tərtər, Şəmkir SES-lə hədələyiblər.
Yeri gəlmişkən, Mingəçevir su və istilik elektrik stansiyaları Azərbaycanın ümumi elektrik enerji tələbatının 60 faizini ödəyir.
Ümumiyyətlə, torpaqlar işğal altında olduğu dövrdə Ermənistan Mingəçeviri vurmaqla Azərbaycanın böyük şəhərlərini, ətraf bölgələri su altında qoymaqla hədələyib.
Ermənistan buna 44 günlük müharibə zamanı cəhd edib. Onlar 2020-ci il oktyabrın 4-də rəsmi Mingəçevir şəhərinə 3 raket atıb. Həmin raketlərdən biri SES-in 1-6 saylı enerji bloklarının qarşısına düşmüşdü.
Ermənistan və ermənilər Tərtər çayı üzərində tikilən Sərsəng su anbarını partlatmaqla da Azərbaycanı təhdid ediblər. Bu süni su hövzəsi Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarında 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Onların bu su hövzəsini vəhşicəsinə qurutması Azərbaycan fermerlərinə külli məbləğdə maddi ziyan vurub.
44 günlük müharibə zamanı Ermənistan müharibə bölgəsindən uzaqda yerləşən, Gəncə, Tərtər, Goranboy, Bərdə, Ağcabədidə mülki obyektlərə raketlə hücum nəticəsində Bərdədə 27 dinc sakin ölmüş, 80-i yaralanmış, Gəncədə 27 nəfər ölmüş, 125-i yaralanmışdı, Tərtərdə isə 17 nəfər ölmüş, 63 nəfər xəsarət almışdı.
Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında meşələri yandırıb, mədəni tarixi abidələri dağıdıb. Onlar Topxana meşəsini dağıdaraq Azərbaycana qarşı çıxışları ekoloji terrorla başlayıblar. Ermənilər Qarabağ və ətraf rayonlarda meşələri yandırmaq, ağacları kəsməklə sonralar da bu cinayəti davam etdiriblər. Ermənistan 30 il ərzində Oxçuçaya zəhərli metal tullantıları axıdıb. Ağır metallar buranın flora və faunasına mənfi təsir göstərib. Çaydakı nadir balıqlar məhv edilib.
Həmin bölgədə Ermənistanın və ermənilərin törədikləri ekoloji cinayətlərin izləri hələ də qalıb. Torpaqlar işğaldan azad ediləndən sonra bu istiqamətdə çoxsaylı faktlar aşkarlanıb.
Beynəlxalq ictimaiyyətin yenə ögey-doğma münasibəti müşahidə olunur. Torpaqlar işğal altında olanda rəsmi Bakı beynəlxalq ictimaiyyəti bu reallığı görməyə, Ermənistanı dayandırmağa çağırırdı. Ancaq onda beynəlxalq ictimaiyyət işğalçı Ermənistanın törətdiyi cinayətlərə, ekoloji terrora göz yumurdu. Onların gözünü 44 günlük müharibə açdı. Ancaq gec idi. Keçmiş SSRİ məkanında daha bir işğal hadisəsi baş verdi. Rusiya Ukraynanın ərazi bütövlüyünü pozdu. Azərbaycan Mingəçevir SES, Sərsəng su anbarı, Oxçuçay və s. məsələlərlə bağlı həyəcan siqnalı çalıb, Ermənistanın və ermənilərin cinayət əməllərini beynəlxalq ictimaiyyət çatdırdı. Ancaq onlar bu reallığa da əhəmiyyət vermədilər. Bu laqeydlik isə Kaxovka SES-in partladılması ilə nəticələndi.
Ona görə də demək olar ki, Kaxovka faciəsi beynəlxalq ictimaiyyətin baş verən hadisələrə ayrı-seçkiliyinin törəməsidir.
“resmixeber.az” İnformasiya Agentliyi
www.RESMIXEBER.az