İki gün əvvəl Ucar rayonunda yağışla müşayiət olunan güclü külək rayonun elektrik enerji sistemini sıradan çıxarıb. Bu səbəbdən bir neçə ərazidə naqillərdə baş verən qırılmalar səbəbindən Ucarda və rayonun 3 kəndində elektrik enerjisi təchizatı dayandırılıb.
“Azərişıq” ASC iki gün ərzində rayonda elektrik enerjisinin verilməsini bərpa etməyib.
Bununla bağlı Bizim.media-ya müraciət edən rayonun Lək kənd sakinlərinin sözlərinə görə, istifadə etdikləri hər şey elektrik enerjisi ilə əlaqədar olduğundan durum çətinləşib.
Soyuducuda saxladıqları məhsullar iki gün ərzində xarab olub. Rayonun müvafiq şöbəsinə müraciət etsələr də, sakinlərə “gözləyin” deyə bildirilir.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin əməkdaşı Pərvanə Kazımzadə bildirib ki, qurum əməkdaşları ərazidədirlər və elektrik xəttinin bərpa olunması üçün işlər gedir:
“3 işıq dirəyi vətəndaşın taxıl sahəsinə aşıb. Vətəndaş taxıl biçini getdiyi üçün sahədə iş görülməsinə imkan vermirdi. Həmçinin sahəyə ağır texnika daxil olmalı idi ki, dirəyi qaldırsın. Nəhayət ki, vətəndaşın icazəsi alınıb və işə başlanıb. Qısa müddətdə Ucar elektrik enerjisi ilə təmin olunacaq”.
www.RESMIXEBER.az