Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” – MÜSAHİBƏ

Cəmiyyət


“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”.

Bunu resmixeber.az-ya müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov deyib.

– Peşə təhsili sahəsində qarşıda duran əsas hədəflər nədir? Növbəti tədris ilində hansı yeniliklərin olacağı gözlənilir?

– Peşə təhsili sahəsində bizim üçün ən vacib məsələ onun əhatə dairəsinin genişləndirilməsi, daha çox vətəndaşımıza peşə təhsilinə çıxış imkanının verilməsidir. Son beş ilin rəqəmlərinə baxsaq, görərik ki, hər il peşə təhsili müəssisələrinə tələbə qəbulu 10 faizdən çox artıb. Bu tendensiya belə də davam edəcək. “Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulur. 2026-cı ildə 2021-ci illə müqayisədə tələbə sayı təxminən 50 faiz artacaq. Yəni təqribən tələbə sayı 28 minə çatacaq. Bu, bizim üçün çox böyük hədəfdir. 2022-23-cü tədris ilində bizim tələbə qəbulumuz 19 min olub. Hazırda biz 2023-24-cü il üçün tələbə qəbulunu planlaşdırırıq. Müvafiq qurumlarla razılaşdırma mərhələsindəyik. Bu il 26 min yerin ayrılması nəzərdə tutulur.

İkinci istiqamət peşə təhsilinin məzmununun və keyfiyyətinin qaldırılmasıdır. Təhsilalanlar üçün daha keyfiyyətli məzmun hazırlanması, eyni zamanda, təhsilverənlərin bilik və bacarıqlarının artırılması istiqamətində işlər görürük. Son beş ildə 60-a yaxın yeni təhsil proqramı hazırlanıb. Məsələn, İT sahəsi üzrə, veb-dizayner, elektronika ustası, kibertəhlükəsizlik, geyim üzrə dizayner və digər yeni ixtisasları göstərmək olar. Bu il də bir sıra yeni ixtisaslar təklif ediləcək. Eynilə biz bu ixtisasları verməklə yanaşı, təhsilverənlərin də bilik və bacarıqlarının artırılması istiqamətində bir neçə ildir həm ölkə daxilində, həm də xaricdə təlimlər təşkil edirik. Türkiyə ilə olan əlaqələr çərçivəsində son iki ildə təqribən 70-ə yaxın müəllimimiz təlimlərdə olub. Bu il də bu proses davam etdiriləcək.

– Mövcud infrastruktur tələbə sayının artırılmasına imkan verirmi? Bəzi peşə təhsili müəssisələri sovet dövründə tikilib və bu gün imkanları olduqca aşağıdır.

– Tələbə artımını aparmaq üçün həm fiziki yer artırılmalı, həm də maddi-texniki baza yenilənməlidir. Bu gün biz peşə təhsili sisteminə baxsaq, görərik ki, ölkədə ümumilikdə 95 peşə təhsili müəssisəsi var. Amma ən müasir avadanlıqlarla təchiz olunma və beynəlxalq standartlara uyğun peşə təhsili vermək imkanını hamısına şamil etmək olmaz. Hazırda bizim Bakıda beş, Bərdədə bir, Qəbələ və Gəncədə iki, İsmayıllıda bir müasir peşə təhsil müəssisəmiz fəaliyyət göstərir. Eyni zamanda, bir sıra yeni müəssisələrin tikintisi də başlayıb. Bu yaxınlarda Cəlilabadda müasir peşə təhsili müəssisəsinin açılışına hazırlaşırıq. Bu müəssisə kənd təsərrüfatı və müəyyən sənaye sahələrini əhatə edir. İlk peşə təhsili müəssisəsidir ki, özünün heyvandarlıq ferması olacaq və bu da tələbələrin müasir istehsalat proseslərini öyrənməyə imkan verəcək. Eyni zamanda, Lənkəran şəhərində də yeni peşə təhsili müəssisəsinin tikintisi gedir. Bu yeni müəssisə də özündə bir çox yenilikləri ehtiva edir. İlk dəfə olaraq burada ənənəvi yataqxana ilə yanaşı, müəssisənin özünün mehmanxana kompleksi olacaq. Lənkəran iqtisadiyyatında turizmin rolunu nəzərə alaraq, orada turizm ixtisasları üzrə təhsilə üstünlük veriləcək.

Bundan əlavə, bizim üçün növbəti illərdə ən vacib istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin təşkil edilməsidir. Yəqin ki, məlumatlısınız. Keçən il ölkə rəhbərliyinin iştirakı ilə Füzulidə müasir peşə təhsili liseyinin bünövrəsi qoyuldu. Bu müəssisədə biz yenə də iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun olaraq ixtisaslara üstünlük vermişik. Həm sənaye, həm kənd təsərrüfatına aid ixtisaslar, eyni zamanda, yeni ixtisaslar tədris olunacaq. Məsələn, biz Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik. Dron təmiri üzrə emalatxanalar və tədris proqramını hazırlayırıq. Həmçinin aviasiya istiqamətində bir sıra ixtisaslar təklif etməyi düşünürük. Və nəhayət, növbəti illərlə bağlı strategiyanın bir hissəsi olaraq biz bir çox rayonlarımızda da peşə təhsili infrastrukturunu yeniləmək istiqamətində çalışırıq. 2026-cı ilə qədər Quba, Qax, Tovuz və Sumqayıtdakı peşə liseylərinin yenidən qurulması və əsaslı təmirini başa çatdırmağı planlaşdırırıq. Bu, o deməkdir ki, ölkəmizin əsas böyük şəhər və rayonlarında vətəndaşların keyfiyyətli, müasir peşə təhsilinə çıxışı təmin ediləcək.

– Bu gün ali məktəbləri bitirən minlərlə insan var ki, əmək bazarında özünə yer tapa bilmir. Peşə təhsili sahəsində də tələbə sayının artırılması buna gətirib çıxarmayacaq?

– Təhsil iqtisadiyyata xidmət edir. Xüsusən peşə təhsilinin məqsədi ondan ibarətdir ki, yetişdirdiyi kadr əmək bazarında özünə yer tapsın. Peşə təhsilində təhsil alan şəxsin iş tapması daha tez və daha çevik olmalıdır. Peşə təhsilinə qəbul planlaşdırılarkən ilk növbədə əmək bazarında cari vəziyyəti öyrənməli, növbəti illər üçün hansı sahələrdə əmək qüvvəsinə ehtiyac olacağını düzgün proqnozlaşdırmalıyıq.

Bundan başqa, məşğulluq və işsizliklə bağlı vəziyyət təhlil olunmalıdır. Əlbəttə, iqtisadiyyatın inkişaf istiqamətlərinə rəqabətədavamlı peşələr təklif edilməlidir. Biz bu məlumatları digər qurumlardan alırıq. Təhlillərin aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Milli Observatoriyası var. Getdikcə bu tip qurumlardan trendlərlə bağlı daha çox araşdırmalar bizə təqdim ediləcək. Təklif formalaşdırılarkən ilk növbədə həmin dataya əsaslanmalıyıq.

Bizim əsas məqsədimiz odur ki, tələb hansı sahədə daha çoxdursa, oraya tələbə qəbulu elan edək. Son illərin nəticələri onu göstərir ki, bizim qəbulda artım etmək istədiyimiz sahələrdən biri, məsələn, turizm sahəsidir. Xüsusən, koronavirus pandemiyasının başladığı dövrə qədər bu sahədə artım bizə imkan verib ki, turizm sahəsinə dair yeni ixtisaslar yaradaq. Bu ixtisasları bitirən şəxslərin işə qəbul olma faizləri də yüksəkdir. Demək olar ki, bu ixtisaslar üzrə tələbələrimizin 60 faizə yaxını tədris ili bitməmiş işlə təmin olunur. Eynilə digər bir sıra ixtisaslar da var ki, onlara tələb yüksəkdir. Son illərdə ictimai iaşə sahəsində aşpazlıq, qənnadıçı-şirniyyatçı, elektronika, rabitə sahəsində bir çox ixtisaslara ehtiyac artır.

– Uzun illər peşə məktəblərində tədrisin keyfiyyətinin aşağı olması buraya olan marağı da azaltmışdı. Hazırda peşə təhsili sahəsində keyfiyyətin artırılması istiqamətində hansı işlər həyata keçirilir? İcra olunan layihələr bu prosesə nə dərəcədə töhfə verir?

– Peşə təhsilinin keyfiyyətini ölçmək üçün əsas göstəricilərdən biri məzunların əmək bazarında uğurlu olmalarıdır. Bu istiqamətdə biz özəl sektorla əməkdaşlığa böyük önəm veririk. Son illərdə bir sıra önəmli hadisələr baş verib. Bunlardan biri dual təhsil metodunun tətbiqidir. Artıq kadrların hazırlanmasında peşə təhsili müəssisəsi ilə yanaşı, işəgötürən də iştirak edir. Son üç ildə 1 600-dən çox tələbəni bu modelə cəlb etmişik və 70-dən çox işəgötürənlə birgə doqquz regionu əhatə etmişik. Son iki ildə biz özəl sektorla əməkdaşlıq çərçivəsində digər yeni modellər də tətbiq edirik. Məsələn, qeyri-neft sektorunda ən böyük şirkətlərdən biri olan “Azərgold” şirkəti ilə birgə təqaüd proqramı təsis edilib. Son iki ildə “Azərgold” 26 tələbəyə aylıq 200 manat təqaüd verib. Təqaüd həmin şirkətin ehtiyaclarına uyğun olan ixtisaslardadır. Artıq beş tələbə həmin şirkətə işə qəbul edilib. Beynəlxalq sahədə əməkdaşlıq da əsas prioritetlərdən biridir. Bu yaxınlarda biz 10 tələbəmizi Almaniyada səkkiz aylıq təcrübə proqramına göndərmişik. Onlar kənd təsərrüfatı sahəsində təhsil alan Qəbələ və Bərdə peşə təhsili müəssisələrinin tələbələridir. Bu ildən ilk dəfə olaraq peşə təhsili sahəsinin maliyyələşdirilməsində də yenilik tətbiq olunur. Adambaşına maliyyələşmə sisteminə keçidə başlanılacaq. İlk mərhələdə biz səkkiz müəssisəmizin bu sistem əsasında maliyyələşməsini təmin edəcəyik.

– Qeyd etdiyiniz kimi, peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq olunacaq. Bunun nə kimi faydaları olacaq?

– Dünyada təhsilin bütün pillələri üzrə adambaşına maliyyələşmə mexanizmi geniş yayılıb. Müəssisələrdə hər bir tələbə üçün xərclər müəyyənləşdirilir və sifariş bu formada aparılır. İndiyə qədər peşə təhsili müəssisələrinin bütün ixtisaslarında fərq qoyulmadan tələbələrə eyni xərc müəyyən olunmuşdu. Məsələn, qaynaqçının da, hotel inzibatçısının da hazırlanmasına eyni vəsait düşürdü. Amma qaynaqçı hazırlamağın xərcləri daha çoxdur. Çünki qaynaq aparatı var, elektrik enerjisi sərfiyyatı çoxdur, elektrodlar və digər ləvazimatlar üçün daha artıq vəsait tələb olunur. Və ya İT mütəxəssisinin hazırlanması üçün kompüter texnikası, ləvazimatlar və proqram lisenziyaları alınmalıdır. Bu halda, məsələn, hotel inzibatçısının hazırlanması ilə müqayisədə bu ixtisaslar üzrə mütəxəssis hazırlanması daha baha başa gəlir. Beləliklə, yeni maliyyələşmə mexanizmində hər bir təhsilalanın illik xərci müəyyənləşdiriləcək və ayrılan vəsait də daha səmərəli formada istifadə ediləcək. Bu, digər tərəfdən hansı müəssisənin daha yaxşı kadr hazırlaya bildiyini müəyyənləşdirməyə imkan verəcək və uzunmüddətli perspektivdə müəssisələrarası rəqabəti artıracaq. Eyni zamanda, müəssisələrin əldə olan vəsaiti idarə edə bilmələri üçün müəyyən qədər muxtariyyəti olacaq. Müəssisə xərclərini daha optimal həyata keçirə bilərsə, həm işçilərinin rifahını yaxşılaşdırmaq üçün vəsaiti ola bilər, həm də özünün tədris prosesini inkişaf etdirər.

– Elə ixtisaslar var ki, həm ali təhsil müəssisələrində, həm də peşə məktəblərində tədris olunur. Belə olan halda peşə məktəblərini bitirənlər əmək bazarında eyni ixtisas üzrə təhsil almış ali təhsilli şəxslərə uduzurlar. Bu ixtisasların tədrisi ilə bağlı koordinasiyalı fəaliyyət nəzərdə tutulurmu? Yəni eyni ixtisas ya təkcə ali təhsil müəssisəsində, ya da yalnız peşə təhsili müəssisəsində tədris olunsa, nəticə daha effektiv olmazmı?

– 2018-ci ildə ömürboyu təhsil üzrə milli kvalifikasiyalar çərçivəsi təsdiq olundu. Bu çərçivədə səkkiz pillə mövcuddur. Ənənəvi olaraq peşə təhsil sistemi üçüncü və dördüncü səviyyələrdə ixtisaslar verir. Üçüncü səviyyə ilk peşə, dördüncü səviyyə isə texniki peşədir. Artıq 2021-ci ildən başlayaraq yüksək texniki peşə ixtisasları üzrə də tələbə qəbulu aparırıq. Ali təhsil müəssisələri ilə bizdə oxşarlıq olan ixtisaslar, əsasən, yüksək texniki peşə sahəsində olan ixtisaslardır. Məsələn, mühasibat uçotu, kibertəhlükəsizlik, baytar texniki, həmçinin İT sahəsi üzrə bir sıra digər ixtisaslar var ki, onların ali təhsildə də oxşar adları var.

Biz bunu problem kimi görmürük. Çünki bu ixtisaslar subbakalavr dərəcəsi verir və tələbələrə təhsilin bir pilləsindən digər pilləsinə keçid imkanı yaradır. Dünyanın əksər ölkələrində də belədir. Ənənə ona doğru gedir ki, vətəndaşların təhsilin bütün pillələrində keçid imkanları olsun. Amma günün sonunda əmək bazarında kimin uğurlu olacağı həmin şəxsin aldığı təhsilin keyfiyyətindən asılıdır. Bu ixtisasların peşə təhsilində verilməsinin fərqi ondan ibarətdir ki, biz daha çox təcrübəyönümlü iş aparırıq. Ali təhsil kurikulumuna baxsanız, daha çox nəzəri olduğunu görərsiniz. Bizdə isə əksər hallarda proqramın 70 faizi praktikidir. Yüksək texniki peşə proqramı son üç ildə tətbiq olunur. Bu il bizim ilk pilot proqramımızdan 40 nəfər məzun olacaq. Biz nəticələri izləyəcəyik və yəqin ki, növbəti üç-beş il ərzində proqramların effektiv olub-olmadığını qiymətləndirəcəyik. Biz hər iki təhsil pilləsində bu ixtisasların olmasından narahat deyilik. Ölkədə elə rəqəmlər var ki, əslində, ondan narahat olmalıyıq.

Məsələn, ümumi təhsil sistemindən çıxan şəxslərin təqribən 40 faizə yaxını nə ali, nə orta, nə də peşə təhsilinə getmədən əmək bazarına kvalifikasiyasız daxil olur. Həmin vətəndaşların təhsilin istənilən pilləsinə daxil olması üçün dövlət imkanlar yaradır. Digər tərəfdən, əmək bazarında kimin uğurlu olacağı müəssisələrin öz işini nə qədər effektiv qurmasından asılı olacaq. Biz hər il proqramlarımızı işəgötürənlərlə müzakirə etməyə çalışırıq. Əvvəllər öyrədilən hər hansısa səriştəyə iki il sonra ehtiyac olmaya bilir. İxtisaslar sıradan çıxır. Bu baxımdan hansısa yeniliklər varsa, onu proqramlarımızda tətbiq edirik. Məncə, rəqabətdən çəkinmək lazım deyil.

– Bəzi ixtisasların sıradan çıxdığını qeyd etdiniz. Son illərdə peşə təhsili sahəsində hansı ixtisasların tədrisi dayandırılıb və yeni ixtisasların yaradılması istiqamətində hansı işlər aparılır?

– Peşə təhsili üzrə ixtisasların təsnifatında müəyyən dəyişiklik edilməsi nəzərdə tutulur. Bununla bağlı artıq layihə təklifi hazırlamışıq. Digər dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə göndəriləcək. Bura bir çox yeni ixtisaslar daxildir. Digər tərəfdən, bir sıra ixtisaslar da var ki, biz artıq onlara tələbə qəbulu aparmırıq. Məsələn, əvvəllər çox geniş yayılan kassir ixtisası var idi. Artıq o ixtisası, demək olar, heç bir müəssisəmizdə tədris etmirik. Bir çox ixtisaslar var ki, onların forması dəyişib. İndi də aktual olan dərzi ixtisasına biz qəbulu moda-dizaynerlik ixtisası formasında aparırıq. Fikrimcə, yenə də bəzi ixtisasların sıradan çıxma ehtimalı get-gedə artır. Deyilənlər budur ki, növbəti 20 il ərzində mövcud ixtisasların yarıya qədəri sıradan çıxa bilər. Avtomatlaşdırılmanın tətbiq olunması, süni intellektin imkanlarının genişlənməsini nəzərə alanda bu, qaçılmazdır. Bir neçə il əvvəl bizdə 200-ə yaxın ixtisas var idisə, keçən il qəbul aparılması üçün cəmi 129 ixtisas vermişdik.

Bu o demək deyil ki, tendensiya azalacaq. Amma bəzi ixtisaslar çıxarılır və yeniləri əlavə edilir. İT, kənd təsərrüfatı sahəsində olan ixtisaslarda artım olacağı gözlənilir. Bildiyiniz kimi, yaşıl enerjiyə keçidin təmin edilməsi ölkəmizin əsas prioritetlərin biridir. Ona görə gələn ildən biz Günəş enerji panellərinin quraşdırılması üzrə texnik ixtisasını təqdim etmək istəyirik. Bir çox şirkətlərdən bizə bu ixtisas sahiblərinə ehtiyac olduğuna dair müraciətlər daxil olur. Yəqin ki, növbəti illərdə külək enerjisi ilə işləyən turbinlərin təmiri və istismarı üzrə mütəxəssislər hazırlayacağıq.

– Müxtəlif peşə sahibləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) layihəsi çərçivəsində sənəd əldə edə bilirlər. Agentlik rəhbəri də verilən sənədin peşə məktəbi diplomu səviyyəsində olduğunu açıqlamışdı. Belə olan halda, deməli, hər hansısa bir şəxs müvafiq kursa getməklə qısa müddətdə istədiyi peşəni öyrənib, bu yolla da sənəd ala bilər. Bu, peşə məktəblərinə tələbə axınına mənfi təsir etməz?

– Əslində, məsələni bir qədər aydınlaşdırsaq, görərik ki, bunlar bir-birindən fərqlidir. Burada informal və qeyri-formal bacarıqların tanınmasından söhbət gedir. Vətəndaş, tutaq ki, özü bir peşə öyrənir və ya kurslara gedərək hansısa bir ixtisasa yiyələnir, lakin dövlət nümunəli sənədi olmur. Tanınmanın əsas məqsədi odur ki, bu iki yolla bilik alan vətəndaşların bacarıqları tanınsın və ölkədə ixtisassız əmək qüvvəsinin sayı azaldılsın.

TKTA məhz bu insanlara dövlət nümunəli sertifikat və dövlət nümunəli diplom verir. Hansısa bir sahə üzrə bir modulun tanınması həyata keçiriləndə sertifikat, bir neçə modul üzrə olduqda isə diplom təqdim olunur. Bu diplom ilk peşə diplomuna bərabərdir. İlk peşə təhsili də müəyyən peşə üzrə sadə işləri görmək üçün bilik və bacarıqlardır. Bizim ən çox tələbə qəbulu apardığımız sahə isə texniki peşədir. Bu, daha mürəkkəb və daha detallı işlərin görülməsi üçündür. Yəni TKTA-nın verdiyi diplom texniki və yüksək texniki peşə üzrə diploma bərabər tutulmur. Biz qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı müəyyən təşəbbüslər təklif edirik ki, işçi işə götürülərkən müvafiq sahələr üzrə minimum təhsilin olması tələb olunsun. Bu, xüsusilə yüksək riskləri olan sənaye sahələrinə aiddir. Hazırda tikinti sahəsinə baxsaq, görərik ki, bəzi şirkətlər bənnadan tutmuş qaynaqçıya qədər heç bir sənəd tələb etmədən işə götürürlər. Hesab edirəm ki, bu, risklidir.

– Texniki peşə məktəblərində təhsil alanlara da təhsil tələbə kreditlərinin verilə biləcəyi açıqlanmışdı. Bununla bağlı müzakirələr aparılıbmı?

– Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər. Qanunvericilik buna icazə verir. Biz bu istiqamətdə təkliflər vermişik. Təhsil tələbə kreditləri texniki peşə səviyyəsində təhsil alanlara da şamil ediləcək. Bu, yenilikdir. Ümid edirik ki, 2023-24-cü ildə peşə təhsili müəssisələrinə qəbul olan tələbələr bu kreditlərdən faydalana biləcəklər.

– Ötən il xeyli ali təhsilli şəxs peşə təhsili almaq üçün müraciət etmişdi. Bu gün mənzərə necədir? Ümumiyyətlə, ali təhsilli şəxslərin sonradan peşə təhsilinə gəlməsini necə qiymətləndirirsiniz?

– Mən ali təhsildən peşə təhsilinə gələnləri təhsil üçün uğur göstəricisi saymıram. Amma bildiyiniz kimi, “Təhsil haqqında” Qanuna görə, hər bir vətəndaşın təhsilin bütün pillələrində bir dəfə ödənişsiz təhsil almaq imkanı var. Ali təhsildən peşəyə gələnlər, əsasən, ixtisaslarını dəyişmək istəyənlərdir. Hansı ki, əmək bazarında aldıqları ixtisas üzrə iş tapa bilmirlər və ya qeyri-formal olaraq hansısa bir ixtisas üzrə təlim alıb, ondan sonra müəyyən sahədə çalışır və daha dərin biliklərə yiyələnmək istəyirlər. Yaxud da işəgötürənlər onlardan çalışdıqları sahə üzrə sənəd tələb edirlər. Əsas məqsəd odur ki, daha çox vətəndaş ali təhsilə getməzdən öncə peşə təhsilini seçsin. Avropa ölkələrinin təhsil sistemində olanların 40-50, bəzi ölkələr üzrə isə 60 faizi peşə təhsilinə gedir. Daha az hissəsi isə ali təhsilə gedir. Bizdə isə bu faiz çox aşağıdır. Bu rəqəm 8-10 faiz arasında dəyişir. Bu da ciddi problemdir. Düşünürəm ki, peşə təhsilinin keyfiyyəti artdıqca daha çox insan buraya yönələcək.

– Bildiyiniz kimi, ümumtəhsil müəssisələrində müəllimlərin sertifikatlaşdırılması aparılır. Gələcəkdə məktəbəqədər təhsil müəssisələrində çalışanların da prosesə cəlb olunması nəzərdə tutulur. Bu, bir tərəfdən, təhsil müəssisələrini bilik və bacarıqları aşağı olan kadrlardan təmizləməyə və daha savadlı kadrların cəlb olunmasına hesablanıb, digər tərəfdən differensial əməkhaqqı sisteminə keçidi təmin edir. Peşə təhsili müəssisələrində çalışan ixtisas müəllimləri və istehsalat təlimi ustalarının da gələcəkdə bu tip modellə attestasiyadan keçirilməsi nəzərdə tutulurmu?

– Ümumtəhsil müəssisələrində tədris olunan fənlərlə müqayisə etsək, peşə təhsili müəssisələrində ixtisasların sayı kifayət qədər çoxdur. Ona görə də burada sertifikasiyanın aparılması daha böyük miqyaslı işdir və daha böyük hazırlıq tələb edir. Əslində, uğur formulumuzun bir hissəsi təhsilverənlərin keyfiyyətindən asılıdır. Biz son iki ildir peşə təhsili müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulunu mərkəzləşmiş qaydada aparırıq. Bu tendensiya davam edəcək. Bizim bir çox müəssisələrimizdə çox təcrübəli müəllimlərimizin bəziləri çalışmanın yaş həddinə çatıblar. Bir çox hallarda regionlarda mütəxəssislərin tapılmaması onların əvəz edilməsində ciddi problem yaradır. Bütün bunlar nəzərə alındıqda bu il üçün peşə təhsili müəssisələrinin istehsalat təlimi ustaları və ixtisas müəllimləri üçün sertifikasiya və attestasiya kimi bir planımız yoxdur. Amma növbəti illərdə bu tip alətlərdən istifadə edilməsi, fikrimcə, labüddür. Biz bunun üzərində müəyyən çalışmalar aparıb kommunikasiya edəcəyik. Ən yaxşı peşə müəllimi, fikrimcə, müəyyən təhsili olan və eyni zamanda, sənayedə təcrübəsi olanlardır ki, pedaqoji biliklər aşılandıqdan sonra yaxşı mütəxəssis ortaya çıxara bilərik. Sənayedə çalışan ixtisaslı kadrların peşəyə cəlb olunması istiqamətində bir sıra modelləri təklif etməyi düşünürük.

– Peşə təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi istiqamətində işlər aparılır. Nə vaxtdan akkreditasiyaya başlanılması nəzərdə tutulur?

– Hazırda Avropa İttifaqının maliyyə dəstəyi ilə peşə təhsili sistemində iki layihə icra olunur. Onlardan biri benefisiar peşə təhsili üzrədir. Bu layihə çərçivəsində Peşə Təsili üzrə Dövlət Agentliyinin və tabeliyimizdə olan müəssisələrin daxili keyfiyyət təminat sisteminin qurulması istiqamətində iş aparılır. Eynilə də Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə peşə təhsili müəssisələrinin xarici akkreditasiyası istiqamətində bir layihə icra olunur. Layihələrdə məqsəd ondan ibarətdir ki, xarici keyfiyyət təminatı olmamış müəssisə özünü qiymətləndirsin və nə qədər uyğun olub-olmadığını özü müəyyənləşdirsin. Sonrakı mərhələdə isə xarici keyfiyyət təminatı üzrə akkreditasiya prosesi aparılacaq. Peşə təhsili müəssisələrinin və yaxud da hansısa bir proqramın akkreditasiyası indiyə qədər olmayıb. İlk dəfə olaraq bu il bir müəssisənin akkreditasiyaya cəlb olunması planlaşdırılır.

– Peşə təhsili praktiki təhsil olduğundan tələbələrin təlim prosesində xəsarət alma ehtimalı çox yüksəkdir. Bu baxımdan, onlar hansısa bir formada sığortalanırlarmı?

– Qanunvericilikdə təsbit olunub ki, istehsalat təcrübələri və təlim dövründə şagird və tələbələr bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortalanmalıdırlar. Burada yanaşma ondan ibarətdir ki, tələbə əməliyyat sahəsindədirsə, onun sığortalanması işəgötürən tərəfindən, təhsil müəssisəsindədirsə, müəssisə tərəfindən təmin olunmalıdır. Lakin hazırda bizim peşə təhsili müəssisələrində tələbələrin sığortalanması aparılmır. Və ya sadəcə, müəyyən layihələr çərçivəsində iş yerində öyrənən tələbələrin fərdi qəza sığortası olur. Bu istiqamətdə qanunvericilikdə boşluqlar var. Hazırda istehsalatda bədbəxt hadisələrlə bağlı icbari sığorta işəgötürənlə müqaviləsi olanlara şamil edilir. Bizim bütün müəssisələrimizi əhatə etmədiyi üçün ciddi problem kimi görürük. Bu istiqamətdə bir sıra təkliflər hazırlanır. Növbəti illərdə peşə təhsilinə cəlb olunan bütün tələbələr, hesab edirəm ki, sığortalanmalıdırlar. Beynəlxalq praktikada da bu, belədir. Məsələn, Türkiyədə peşə təhsili alan bütün tələbələr dövlət tərəfindən sığortalanır.

– Ceyhun müəllim, ötən il peşə təhsili müəssisələrində axşam qrupları üzrə 920 plan yeri ayrılmışdı. Tələbat hansı səviyyədədir? Növbəti tədris ili üçün bu sayın artırılması nəzərdə tutulurmu?

– Bəli, keçən il pilot layihə olaraq axşam qruplarına tələbə qəbulu elan etdik. Lakin cəlb olunan tələbələrin sayı gözləntilərimizdən az oldu. Nəticələrdən belə başa düşdük ki, ya əmək bazarında maraq düzgün qiymətləndirilməyib, ya da proqramlar işləyən vətəndaşlarımızın maraqlarına xidmət etmir. Axşam qruplarının açılması yalnız ödənişli əsaslarla idi və yalnız işləyən vətəndaşlar qəbul edilirdilər. O baxımdan ola bilər ki, biz bu il axşam qruplarını açmayaq. Növbəti illərdə isə daha sistemli formada bir sıra araşdırmaları aparandan sonra yenidən təklif oluna bilər.

– Türkiyə ilə peşə təhsili sahəsində əməkdaşlığa dair müqavilə imzalanmışdı. Əməkdaşlıq çərçivəsində hansı işlər aparılıb?

– Türkiyə ilə imzalanan protokol əsasında nəzərdə tutulub ki, iki peşə təhsili müəssisəsi birgə idarə ediləcək. Müəssisənin ixtisas kurikulum proqramları sırf Türkiyədə təsdiq olunmuş proqramlar olacaq. Əlbəttə ki, Azərbaycan qanunvericiliyi ilə təsbit olunmuş ümumtəhsil fənləri və digər ixtisaslar əvvəlki formada tədris olunacaq. Burada bizim seçdiyimiz dörd əsas ixtisas qrupu var.

Bunlar Türkiyə mətbəxinə aid qida və içkilərin hazırlanması, hotelçilik və səyahət xidmətləri, informasiya texnologiyaları və tekstil peşə sahələridir. Anlaşma və yanaşma ondan ibarətdir ki, Türkiyə tərəfi həmin müəssisələrdə emalatxanaların təminatını üzərinə götürür, müəssisənin qurulması və digər məsələlər isə Azərbaycan tərəfindən həyata keçirilir. İşçi səviyyədə hazırda işlər aparılır. Ümid edirik ki, tezliklə həmin proqrama qəbul apara biləcəyik. Birgə proqramların bir sıra komponentləri var. Təhsil proqramları hazırlanmalı, kitablar tərcümə edilməlidir və s. Bu istiqamətdə böyük irəliləyiş var. Hazırda məktəblərin idarə edilməsi ilə bağlı müəyyən məsələlər razılaşdırılır.

– Bildiyiniz kimi, ali təhsil pilləsində ikili diplom proqramları mövcuddur. Peşə təhsilində ikili diplom proqramının təklif olunması istiqamətində hansısa addımlar atılması nəzərdə tutulurmu?

– Türkiyə və Azərbaycanda birgə peşə təhsili müəssisəsində təhsil alan tələbələrə həm Azərbaycanın, həm də Türkiyənin diplomunun verilməsi nəzərdə tutulur. Bundan başqa, Avropa İttifaqı ölkələri ilə ikili diplom proqramlarının yaradılması ilə bağlı araşdırmalar aparılıb təkliflər veriləcək. Burada standartların uyğunluğu məsələsi var. İkili diplom olmasa belə, biz beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə proqramlarını artıracağıq.

– Hesablama Palatasının apardığı audit zamanı bir sıra peşə təhsili müəssisələrində büdcədənkənar vəsaitlər hesabına ödənilməli olan xərclərin büdcə vəsaitləri hesabına ödənildiyi, siniflərin düzgün komplektləşdirilmədiyi, bəzi hallarda dərs normalarına əməl edilmədiyi, cari ilin xərclərinin növbəti ilin büdcəsindən təmin edildiyi və s. kimi nöqsanlar aşkarlanmışdı. Bu istiqamətdə 481 min manat vəsaitin dövlət büdcəsinə bərpası ilə bağlı tədbirlər müəyyənləşdirilmişdi. Müəssisələrdə aşkarlanmış nöqsanlarla bağlı agentlik tərəfindən hansı tədbirlər həyata keçirilir?

– Bizim peşə təhsili müəssisələrimizin bir çoxunda kənar dövlət yoxlaması aparılıb. Bununla bağlı Hesablama Palatası da ictimaiyyəti məlumatlandırıb. Müəyyən olunmuş boşluqlar, pozuntular üzrə auditorların konkret qərarı var. Həmin qərarın icrası ilə bağlı işlər aparılır. Həm bərpa olunmalar var ki, onların bərpası üzərində iş gedir, eyni zamanda, artıq bir neçə peşə təhsili müəssisəsində ciddi nöqsanlar aşkarlandığı üçün məlumat hüquq-mühafizə orqanlarına təqdim olunub. Qanunun tələblərinə uyğun olaraq müəyyən araşdırmalar aparılacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir