Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Cəmiyyət


Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may – Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Tədbirdə Azərbaycan səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov, Səhiyyə Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Səidə Rüstəmova, ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı, həmçinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim-tələbə heyəti iştirak ediblər.

Səidə Rüstəmova çıxışında Vətən müharibəsi zamanı tibb bacılarının fədakarlığını vurğulayıb:

“44 günlük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya proseslərində tibb işçilərinin əzmkar əməyi ilə yüzlərlə qəhrəman döyüşçümüz həyata qaytarıldı”.

Səhiyyə Nazirliyi İnsan Resursları şöbəsinin müdiri, həmçinin bildirib ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir. Belə ki, patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir.

Öz növbəsində ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı bildirib ki, tibb bacıları səhiyyə xidmətlərinin təminatında önəmli rol oynayır:

“Güclü səhiyyə xidmətləri istəyiriksə, tibb bacıları institutuna sərmayə qoymalı, onları beynəlxalq standartlara uyğun yetişdirməli və lazımi resurslarla təmin etməliyik”.

Tədbirdə çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva vurğulayıb ki, tibb xidmətlərinin göstərilməsində tibb bacılarının və tibb qardaşlarının rolu əvəzsizdir:

“Respublikamızda 56 mindən çox tibb bacısı və tibb qardaşı çalışır və öz vəzifə borcunu layiqincə yerinə yetirir. Onlar koronavirus epidemiyası ilə mübarizədə, eyni zamanda 44 günlük Vətən müharibəsinin istər ön, istər arxa cəbhədə öz vətəndaşlıq və vəzifə borclarını layiqincə yerinə yetirərək cəsarət, fədakarlıq, peşəkarlıq nümayiş etdirdilər”.

Daha sonra ÜST-nin eksperti Sevgi Turan, həmçinin 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələrinin məruzələri dinlənilib.

Tədbir 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələrinin hazırladığı musiqili-bədii kompozisiya ilə davam edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir