Bakıda arvadına 12 bıçaq zərbəsi vuran qısqanc kişi ilə bağlı qərar verildi

Cəmiyyət


Bakı Apellyasiya Məhkəməsində arvadını bıçaqlayaraq öldürmək istəyən Əbülfəz Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əbülfəz Babayev 14 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Əbülfəz Babayev qısqanclıq zəminində evdə arvadı, 1980-ci il təvəllüdlü Təranə Babayevanı bıçaqlayıb. Məlumata görə, Ə.Babayev arvadına mətbəx bıçağı ilə 12 dəfə zərbə vurub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Qanlı cinayəti törətməkdə şübhəli bilinən Əbülfəz Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqla müəyyən olunub ki, 2018-ci ilin noyabr ayında cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra rəsmi nikahda olduğu Təranə Babayevanın qohumu ilə yaxın münasibət saxlayaraq ona xəyanət etməsindən şübhələnib.

Bu səbəbdən aralarında mütəmadi mübahisələr baş verib.

Dekabrın 1-də saat 21:30-da yaşadıqları evdə Əbülfəz Babayev otaqdan bıçağı götürüb əlində gizlədərək hamam otağına keçib. Arxadan yaxınlaşıb müqavimətini qırmaq məqsədi ilə sol əli ilə arvadının ağzından tutub. Ayaq üstə, sonra isə arxası üstə yıxılmış vəziyyətdə qadının bədəninə çoxsaylı zərbələr yetirib.

Səs-küyə azyaşlı qızlarının ora gəlmələrinə məhəl qoymayaraq xəsarətlər yetirməkdə davam edib. Sonra hadisə yerinə gələn atası bıçağı onun əlindən alıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Əbülfəz Babayev bildirib ki, həmişə həyat yoldaşına inanıb. Amma son vaxtlar arvadının bəzi hərəkətləri onda şübhə yaratmağa başlayıb. Aralarında baş verən mübahisədən sonra həyat yoldaşı barəsində polis bölməsinə şikayət edib. Yoldaşının anasına zəng edərək qızını gəlib aparmasını deyib.

Hadisə baş verən günü əmisi oğlunun həyətlərində Təranə ilə söhbət etdiyini görüb və bundan əsəbiləşib.

Əbülfəz Babayev qeyd edib ki, arvadını qətlə yetirmək məqsədi olmayıb. Ona qorxutmaq üçün xəsarətlər yetirib.

Zərərçəkmiş Təranə Babayeva ifadəsində bildirib ki, Əbülfəz Babayev ilə 2005-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 6 övladı var. Əri, həmçinin Əminə adlı qadınla da qeyri-rəsmi nikahda olub.

Həyat yoldaşı CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

2018-ci ilin noyabr ayında azadlığa çıxdıqdan sonra əsassız yerə onu qısqanmağa və xəyanətdə ittiham etməyə başlayıb. Həmin vaxtdan Əbülfəzlə münasibətləri korlanıb. Onun mobil telefon işlətməsinə şübhə ilə yanaşıb və telefon işlətməməsini bildirib. Əbülfəzin pula ehtiyacı olduğu üçün bir müddət sonra həmin telefonu satıb.

Oktyabr ayında Əbülfəz onunla dalaşdığından 20 gün inzibati həbsdə qalıb. Dekabrın 1-də axşam hamam otağında olanda əri ora girən kimi onu tutub yerə yıxıb və bədəninə ardıcıl zərbələr vurub. Huşunu itirdiyi üçün sonra baş verənlərdən xəbəri olmayıb.

Məhkəmə iclasında Əbülfəz Babayev ittiham üzrə özünü qismən təqsirli bilib.

Proses zamanı Əbülfəz Babayevin arvadının ona xəyanət etməsi sübuta yetirilməyib. Belə ki, Təranə Babayevanın və hadisə şahidlərinin ifadələri, üzləşdirmə, telefon danışıqlarına dair baxış protokolları ilə sübuta yetirilib ki, qadının heç kimlə münasibəti olmayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir