“Həyatda səhvlərim olub, bunlardan heç vaxt qorxmamışam”.
Bunu gənclər və idman naziri Fərid Qayıbov “Təhsil TV”də yayımlanan “İmtahan” verilişində deyib.
“İmtahan”ın ilk buraxılışının qonağı olan nazir məktəblilərin suallarını cavablandırıb.
O, şagirdlərə səhv etməkdən qorxmamağı tövsiyə edib:
“Bu, o demək deyil ki, hansısa işi necə gəldi görməlisən. Hər bir işə hazırlaşmaq lazımdır. Ancaq səhv edəcəyimizdən qorxsaq, bu, uğura mane olacaq. Səhv etsəniz belə, həyat davam edir”.
O, orta məktəbdə oxuyanda riyaziyyat fənnini daha çox sevdiyini söyləyib.
F.Qayıbov bildirib ki, idman sahəsində çalışmağın əsas üstünlüklərindən biri çoxlu ölkə gəzməkdir:
“Artıq 62 ölkədə olmuşam. Bütün ölkələr maraqlıdır. İdman sahəsində olduğunuz zaman tez-tez yarışlara, tədbirlərə gedirsiniz və nəsə öyrənirsiniz. Yaxşı həyat təcrübəsidir. Hər bir ölkə gözəldir. Amma sonda Vətənə qayıdırsınız”.
Gənclər və idman naziri futbolu insan həyatına bənzədib. O, Azərbaycan futbolunun hazırkı durumuna da qiymət verib:
“Bir çox idman növlərini insan həyatına bənzətmək olar. Ağlıma ilk gələn futboldur. Mən özüm futbol azarkeşiyəm. Burada dram, sevgi, bir sözlə, hər şey mövcuddur. Futbolda problemlərimiz var, bunlar göz önündədir. Əlbəttə, klub səviyyəsində nəticələrimiz var. Amma təəssüf ki, millimizdə vəziyyət ürəkaçan deyil. Bunun da səbəbləri çoxdur. Onları aradan qaldırmaq üçün milli assosiasiya, klublar tərəfindən işlər görülməlidir”.
Veriliş zamanı ümumilikdə 30 suala cavab verən Fərid Qayıbov sonda ən yaxşı sualın müəllifini mükafatlandırıb.
www.RESMIXEBER.az