Suraxanı rayon sakini Fidan Məmmədovanın təmir sexində olan avtomobili qanunsuz cərimələnib.
Bu barədə Bakupost.az-a Fidan Məmmədova özü bildirib.
Şikayətçinin sözlərinə görə, avtomobilinin mühərrik və ötürmələr qutusunda problem yaranıb. Bu səbəbdən avtomobil 6 aydır ki, Suraxanı rayonunda təmir sexlərindən birində təmirdədir:
“Qeyri-işlək vəziyyətdə olmasına baxmayaraq, mənə məxsus 90-NP-019 dövlət nömrə nişanlı avtomobilə texniki baxışdan keçmədiyinə görə 50 manat cərimə yazılıb. Bu cərimə hər 20 gündən bir təkrarlanır. Faktiki olaraq, avtomobil işləmir, ondan istifadə etmirəm. Təmirdə olduğu üçün texniki baxışa aparmağım da mümkün deyil. Bu halda niyə cərimə olunmalıyam?”
Şikayətçi onu da bildirib ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin “902” qaynar xəttinə dəfələrlə zəng etsə də, əlaqə yarada bilməyib:
“Bu xidmət pulludur. Hər dəfə zəng edirəm, balansımdan pul çıxılır, amma zəngimə cavab verən yoxdur. Bu səbəbdən “102” xidmətinə müraciət etmişəm, hələlik bir cavab yoxdur”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
İdarədən bildirildi ki, qeyd olunan məsələ araşdırılacaq:
“Araşdırmanın nəticəsinə uyğun olaraq, tədbir görüləcək”.
www.RESMIXEBER.az