Son vaxtlar əmlak bazarında kəskin bahalaşma müşahidə olunmaqdadır. Xüsusilə də köhnə və istismar müddəti başa çatmış binalarda 15-20 faiz qiymət artımı baş verir. Bunun da əsas səbəbi şəhərdə söküntülərin miqyasının artması və bununla bağlı yayılan xəbərlərdir.
Xüsusilə də, paytaxtın istifadə müddəti başa çatmış yaşayış binalarının və həyət evlərinin söküləcəyi, onların çoxmərtəbəli binalarla əvəzlənəcəyi barədə məlumatlar yayılmaqdadır.
“Qiymətlər Bakı şəhəri üçün fantastikdir”
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, binalar və evlər sökülərkən bütün xərclər, hətta 2 il müddətinə kirayə haqları şirkətlər tərəfindən qarşılanır.
Onun sözlərinə görə, əmlak bazarındakı, xüsusilə də köhnə binalardakı qiymətlər Azərbaycan, əsas da Bakı üçün real deyil və fantastik rəqəmlərdir:
“Halbuki həmin binaların çoxu qəzalıdır, bəziləri isə istismar müddətini başa vurub. Dünya təcrübəsində belə binaların satış qiyməti normal dövrdəki məbləğindən 50 faiz aşağı olur, alıcısı az olur, ipoteka predmetinə çevrilə bilmir və banklar girov götürməkdən imtina edir”.
Hazırda yeni binalarda da qiymətlərin yüksək olduğunu deyən ekspert bunun təbii artım olduğunu qeyd edib.
Bunu tikinti materiallarının qiymətinin yüksək olması ilə əlaqələndirən müsahibimiz vurğulayıb ki, son dövrlərdə alıcıların çoxu yeni binalardan ipoteka və ya sadə kreditli satışla mənzillər almağa üstünlük verir:
“Şirkətlərin bir çoxu daxili kreditlə uzunmüddətli mənzil satışı həyata keçirirlər. Düzdür, faiz dərəcələri yüksək olur, amma yenə də alıcılar bu mənzilləri almağa üstünlük verirlər. Bu gün mənzillərin qiyməti vətəndaşların alıcılıq qabiliyyəti və aylıq əməkhaqları ilə üstə-üstə düşmür”.
“Tikintiyə yararlı torpaq sahələri tükənir”
Bakı şəhəri üzrə tikintiyə yararlı torpaq sahələrinin məhdud sayda olduğunu, bəzi yerlərdə isə tamamilə tükəndiyini söyləyən müsahibimiz bildirib ki, olanlar da fantastik dərəcədə yüksək qiymətlərlə təklif olunur:
“Amma bununla belə, vətəndaşlarda fərdi həyət evlərinin alqı-satqısına maraq ciddi şəkildə azalıb. Bu da onların böyük əksəriyyətinin sənədlərinin qaydasında olmaması ilə əlaqədardır. Buna görə də qiyməti bina evlərinə nisbətən daha ucuzdur.
Bakının istənilən metro stansiyasının yaxınlığında 1 otaqlı mənzilin qiyməti 60-80 min manat arasında dəyişir. Halbuki, bu qiymətə istənilən kənd və qəsəbədən 3-4 otaqlı gözəl bir həyət evi almaq olar. Tutaq ki, Xırdalan və ya Masazır ərazisində 2 mərtəbəli, 250-300 kvadratmetr sahəsi olan həyət evi 100 min manata satılırsa, səhərə yaxın ərazilərdə, Badamdar və ya Bakıxanov qəsəbələrində 3-4 dəfə baha qiymətə olur. Bu evlərin alıcıları da olur”.
www.RESMIXEBER.az