“Heydər Əliyevin 100 illik yubileyi günü Prezidentin Şuşadan müraciətinin böyük rəmzi mənası var” – RƏY + FOTO

Siyasət


“Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi günü Prezident İlham Əliyevin məhz tarixi zəfərimizin tacı olan Şuşadan xalqa müraciət etməsinin böyük rəmzi mənası var”.

Bunu “resmixeber.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, qeyd edib ki, 30 ilə yaxın dövrdə düşmən tərəfindən tamamilə dağıdılmış Qarabağın və Şərqi Zəngəzurun qısa vaxt ərzində sürətlə cənnətə çevrilməsi çox şeydən xəbər verir:

“İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada postmüharibə dövründə görülən işlər həm bizim qurucu xalq, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Onu da qeyd edim ki, təkcə ötən bir neçə gün ərzində Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 10 yaşayış məntəqəsinin təməlinin qoyulması, dövlət başçısının bir çox sosial, infrastruktur obyektlərinin açılışlarında iştirakına, layihələrin gedişatı ilə yerində tanışlıq və nəzarət tədbirlərinin aparılması da deyilənlərə növbəti sübutdur. Dövlət başçısının bəyan etdiyi kimi, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır”.

V.İskəndərov əlavə edib ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi günü Prezident İlham Əliyevin məhz tarixi zəfərimizin tacı olan Şuşadan xalqa müraciət etməsinin böyük rəmzi mənası var:

“Çünki, əvvəla Prezidentin müraciətində bəyan etdiyi kimi, Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. İkinci vacib məqam isə ondan ibarətdir ki, bu Zəfərinin arxasında məhz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır”.

Deputat onu da qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu və ölkənin hərtərəfli inkişafı siyasətinin uğurla davam etdirilməsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qələbənin əldə edilməsində başlıca rol oynadı:

“Bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Beləliklə, torpaqlarımızın işğalına son qoyuldu. Bu gün isə işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən gözəl Şuşamızda quruculuq-abadlıq işləri sürətlə davam edir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir