“Ramazan bayramı ilə əlaqədar müsəlman dövlətlərindən eləsi var, beş gün, bəziləri yeddi gün tətil edirlər. İmamlar Qafqaz Müsəlmanları İdarəsinin fətvasına qarşı çıxırlarsa, kimin dediyini edirlər?
resmixeber.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı bu il Ramazan bayramı ərəfəsində bayram namazının qılınması ilə bağlı yaşanan anlaşılmazlığa münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycanda ənənəvi bayramlar üçün müvafiq tətil günləri verilir:
“Ölkədə Ramazan və Qurban bayramları Novruz bayramı ilə müqayisədə daha az, yəni iki gün olur. Bu o demək deyil ki, məsciddə keçiriləcək tədbir başqa günləri əhatə etməlidir. Biz ölkənin dini qurumunun çıxardığı fətvanı əsas götürməliyik.
Şeyxülislam həmin gün özü gedir, bayram namazı qıldırır. Əgər hansısa imam öz ölkəsinin dini qurumunun fətvasını yerinə yetirmirsə, düz edir? O zaman ona sual verin, görün, o, kimin fətvasını yerinə yetirir? Hər bir ölkənin öz dini qurumu, bizdə də QMİ və Qazilər Şurası mövcud vəziyyəti qiymətləndirib fətva verir. QMİ-nin fətvası dini etiqad azadlığına zidd olmur. O, dinlə əlaqədar tələblərə uyğun fətva verir. Bu, şəriət qaydalarını əhatə edir. Əgər QMİ-nin tərkibində olan qurum buna əməl etməsə, ziddiyyət yaranmazmı? Dövlət nə vaxtsa məsciddə, kilsədə ayinlərin necə idarə edilməsinə müdaxilə edir? Xeyr, etmir. İstənilən dində özlərinin rəhbər qurumu var və onların qərarına əməl edilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ-nin fətvasına müdaxilə etmir. Qərardan dolayı məscidlərdə proseslərin gedişatına nəzarət edir. Jurnalistlərdən xahiş edirəm ki, bu mövzularla bağlı yazı yazanda mütləq araşdırsınlar. Din çox dərin mövzudur”.
M.Qurbanlı onu da qeyd edib ki, islam dünyası bütövdür və dünya əhalisinin 25 faizini təşkil edir:
“İslam coğrafiyası 57 ölkəni birləşdirir. Amma ölkələrin dövlətdaxili münasibətlərində fərq var. Azərbaycanın Konstitusiyasında dünyəvilik təsbit olunub. 57 ölkənin 28-nin konstitusiyasında islama aid olma qeyd edilib. Dünyanın 100-ə yaxın ölkəsində dini mənsubiyyət qanunvericilikdə qeyd edilib. 200-dən çox ölkə var. Yəni bu məqamlarda fərqlilik ola bilər. Azərbaycan həm dünyəvi dövlətdir, həm də islam dünyasının bir parçasıdır. İslam dünyasına aid olan qaydalar, ənənələr xalqımıza da aiddir. Xalqımızın 96 faizi müsəlmandır. Ölkədə 37 qeyri-müsəlman dini icma fəaliyyət göstərir”.
www.RESMIXEBER.az