“Rusiya və Azərbaycan Heydər Əliyevin anadan olmasının yüzüncü ildönümünü qeyd edirlər”.
Bu barədə Rusiyanın “Rossiyskaya Qazeta” nəşrinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Sovet İttifaqında yüksək postları tutan, sonra isə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin siyasi fenomeni hələ də böyük sirr olaraq qalır:
“Kreml elitasında o, qlobal miqyasda problemləri həll etmək iqtidarında olan bir şəxs və eyni zamanda, “self-made” simvol idi. Postsovet dövrü üçün Heydər Əliyev Azərbaycanın Atatürkü, ümummilli lider hesab olunur, onun dövründə ölkənin həyatını yenidən quran köklü dəyişikliklər baş verib”.
Bildirilir ki, sosial problemlər, mədəniyyət sahəsi Heydər Əliyevin diqqətindən kənarda qalmırdı:
“Təkcə onu demək kifayətdir ki, 1978-ci ildə Azərbaycan dili dövlət dili statusu alıb. Onun dövründə Azərbaycan SSRİ-nin qabaqcıl respublikasına çevrildi və ard-arda on iki dəfə digər respublikalar arasında keçirilən sosialist yarışında qalib gəldi”.
Belə rəhbərlərin təkcə Azərbaycana deyil, bütün SSRİ-yə lazım olduğu vurğulanır.
“Heydər Əliyevin həyat yolu timsalında bir şəxsiyyətin tarixdə oynadığı rolu başa düşmək olar. İndi Azərbaycan Şərq və Qərb sivilizasiyaları arasında etibarlı körpüdür, dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Rusiya ilə mehriban qonşuluq münasibətlərinin əsasını məhz Heydər Əliyev qoyub. Prezident İlham Əliyev atasının müdrik siyasətini uğurla davam etdirir. Azərbaycanın nüfuzu durmadan artır və bütün bunlar böyük ruha malik nadir siyasətçinin – Heydər Əliyevin yaratdığı təməl üzərindədir”, – deyə qeyd olunur.
www.RESMIXEBER.az