Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? – AÇIQLAMA

Cəmiyyət


Ötən günlərdə bir sıra kütləvi informasiya vasitələrində ölkədə müəyyən xəstəliklər üzrə dərmanların ödənişsiz verilməli olduğu halda, vətəndaşlara pulla satılması ilə bağlı məlumatlar dərc edilib.

Söhbət Azərbaycanda hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, dağınıq skleroz, xroniki böyrək çatışmazlığı və qanın bədxassəli xəstəliklərindən əziyyət çəkən şəxslərə dərmanlar ödənişsiz, yəni dövlət hesabına verilməli olduğu halda, pulla satılması iddialarından gedir.

Bu məsələ ilə bağlı, xüsusilə də regionlarda yaşayan vətəndaşların əziyyət çəkdiyi iddia edilir.

Qanunvericilik bu dərmanların vətəndaşlara ödənişsiz verilməli olduğunu deyir. Bəs reallıqda vəziyyət necədir?

Ümumiyyətlə, bu dərmanların təminatını kim həyata keçirir? Bu dərmanlar tibb müəssisələrinə hansı bölgü əsasında paylanılır? Sözügedən xəstəliklərdən əziyyət çəkən şəxslərin qeydiyyatı nəzərə alınır, yoxsa necə?

Mövzuya aydınlıq gətirmək və irəli sürülən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün aidiyyəti qurumlara sorğu ünvanladıq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentlik hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm xəstəlikləri üzrə dövlət proqramları və tədbirlər çərçivəsində TƏBİB-dən daxil olan siyahıya əsasən, dərman və tibbi zərflərin satınalınmasını həyata keçirir:

“Dərman vasitələri müvafiq dövlət tibb müəssisələrinə paylanılır və qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müvafiq dövlət tibb müəssisələrinə müraciət edərək dərman və tibbi zərfləri əldə edirlər”.

Mövzu ilə əlaqədar TƏBİB-dən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, səhiyyə sahəsində müəyyən xəstəliklərin müalicəsi üzrə bir neçə dövlət proqramları icra olunmaqdadır və hazırda onların icrası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bir sıra dövlət ambulator və stasionar tibb müəssisələrində həyata keçirilir:

“Bu dövlət və tədbirlər proqramları (hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm) çərçivəsində xəstələrə ambulator qaydada verilən dərman və tibbi zərflərin satınalması TƏBİB-dən daxil olan siyahıya əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.  

Qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar bu dərman vasitələri və tibbi ləvazimatlarla müayinələr əsasında yalnız həkim təyinatına uyğun müvafiq dövlət tibb müəssisələrində təmin olunurlar. Bütün proqramlar üzrə illik sifarişlər hazırlanır və təqdim edilir. Daha sonra həmin malların birillik gedişatı və anbar qalıqları nəzərə alınır, tender siyahıları hazırlanır, satınalma həyata keçirilir. Satınalma həyata keçirildikdən sonra proqramların həyata keçirildiyi müəssisələrə dərmanlar dövri tələbnaməyə əsasən göndərilir. Bəzən podratçı şirkətlərə bağlı səbəblərdən isə gecikmələr müşahidə oluna bilir. Ümumilikdə, TƏBİB-in aidiyyəti struktur bölmələri tərəfindən nəzarət tədbirləri həyata keçirilir.

Hər hansı fakt təqdim edilərsə, müvafiq qaydada araşdırılıb, tədbir görülə bilər”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir