Abşeron rayonunda 1977-ci il təvəllüdlü Zakir ailə münaqişəsi zəminində yaşadığı evdə həyat yoldaşı Naziləyə (adlar şərti verilib – red.) yumruqla vuraraq xəsarətlər yetirib.
Demokrat.az xəbər verir ki, istintaq orqanı tərəfindən Zakirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zakir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nazilə ilə 2020-ci ildə ailə qurub və birgə nikahlarından bir övladları var:
“Hadisə günü, saat 23:30-da yaşadığımız evdə olan zaman Nazilənin körpə uşağımızı yatıran zaman əlində telefon olmasını gördüm. Başqa şəxslə danışmasını güman edərək irad bildirdim. Buna görə aramızda qısqanclıqla bağlı mübahisəmiz yarandı. Mübahisə zamanı bir dəfə yumruqla Nazilənin sol gözünə zərbə vurdum. Nazilə yerə yıxıldı. Daha sonra qardaşı Vəliyə zəng edərək məlumat verdi. Vəli evə gəldi və Naziləni özü ilə apardı”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nazilənin sözlərinə görə, hadisə günü saat 23:30-da yaşadığı Masazır qəsəbəsində yerləşən evində körpə övladını yatırarkən Zakir otağa daxil olub:
“Həmin vaxt telefonum masanın üzərində olub. Zakir mənə həmin vaxt kimləsə münasibətimin olmasından şübhələnməsini bildirirək üzərimə gəldi. Mənimlə mübahisə yaratdı. Həmin vaxt yumruqla sol gözümdən 1 dəfə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Zakir bədənimə də bir neçə dəfə zərbə vurdu. Mən də qardaşıma zəng edərək hadisə barədə məlumat verdim. Qardaşım yaşadığımız evə gəldi. Mənim vəziyyətimi gördükdən sonra Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat verdi”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Zakirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
www.RESMIXEBER.az